Qərbdən casuslarının kütləvi şəkildə qovulmasından sonra Rusiya onların bir çoxunu Yaponiyaya köçürüb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Beş Qərb ölkəsindən olan hazırkı və keçmiş kəşfiyyat zabitləri “The New York Times”-a bildiriblər ki, Rusiya kəşfiyyat əməkdaşları Yaponiyada Ukraynaya qarşı müharibədə istifadə üçün texnologiya qaçaqmalçılığını təşkil etməklə məşğuldurlar. Onların sözlərinə görə, əməliyyata əvvəllər məlum olmayan QRU-nun 20-ci İdarəsi rəhbərlik edir. Qəzetin mənbələri iddia edir ki, bölmənin zabitləri Yaponiyada diplomatlar və iş adamları adı altında fəaliyyət göstərir, silah komponentlərini alır və ya oğurlayır, sonra isə onları qaçaqmalçılıq yolu ilə Rusiyaya aparırlar.

Mənbələr qeyd edirlər ki, bu sxemdə əsas rolu 49 yaşlı Maksim Filçenkov oynayır. Rəsmi olaraq “Aeroflot” işçisi kimi qeydiyyata alınan Filçenkov əslində QRU zabitidir. O, 2024-cü ilin fevral ayında, Moskva sanksiyalar səbəbindən yüksək texnologiyalı avadanlıq çatışmazlığı ilə üzləşəndə Tokioya gəlib və Yaponiyadan Rusiyaya yükləri üçüncü ölkələr vasitəsilə çatdırmaq üçün logistika şirkətləri ilə əlaqələr qurmağa başlayıb. Belə şirkətlərdən biri də “Proco Air” olub. O, “Aeroflot”un uçuşlarını davam etdirdiyi ölkələrə, o cümlədən Vyetnam, Şri-Lanka və Özbəkistana Yaponiyadan yük göndərir. Sonra isə ”Aeroflot” həmin yükləri qəbul edir və Rusiyaya daşıyır.

“Proco Air” özü QRU ilə əlaqələrini rədd edir və yalnız icazəli malları, əsasən tibbi avadanlıqları daşıdığını bildirir. Belə bir partiyanın son alıcısı Rusiyanın “R-Pharm” əczaçılıq şirkəti olub. Ancaq bu şirkətin təsisçisi Aleksey Repik Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən sanksiyalar altına alınsa da, Yaponiya ona qarşı heç bir sanksiya tətbiq etməyib.

NYT jurnalistləri “Aeroflot”un Tokio ofisinə üç dəfə baş çəkiblər, lakin Filçenkov orada olmayıb. O, Telegram və elektron poçtdakı mesajlara da cavab verməyib. Nəşr qeyd edir ki, QRU zabitləri Sovet dövründən bəri “Aeroflot”dakı işlərindən “örtük” kimi istifadə edirlər.

Bir çox təhlilçilərin də qeyd etdiyi kimi, Yaponiya inkişaf etmiş elektronika sənayesi və nisbətən zəif casusluq əleyhinə qanunları sayəsində Rusiya hərbi-sənaye kompleksi üçün əsas təchizat kanallarından birinə çevrilib. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, Rusiya raket və dronlarının 90%-ə qədərində bu ölkədə istehsal olunan komponentlər var.

Kiyev dəfələrlə Tokioya Rusiyaya qarşı sanksiyaları pozan hərbi texnologiya təchizatı barədə məlumat göndərib. Təkcə 2025-ci ilin aprel ayında Ukrayna Yaponiya Xarici İşlər Nazirliyinə səkkiz diplomatik məktub göndərərək, “Nippon” Electric Corporation”, “Panasonic”, “Toshiba” və digər şirkətlər tərəfindən istehsal olunan mikroçiplər, ötürücülər və digər avadanlıqların siyahısını və fotoşəkillərini ötürüb. Lakin Yaponiya hələlik bu axının qarşısını sərt şəkildə ala bilmir.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi şirkətləri sanksiyalardan yayınma cəhdləri barədə xəbərdar etdiyini və Rusiyaya kömək edənlərə məhdudiyyətlər tətbiq etdiyini bildirib.

Qeyd edək ki, bu ilin yanvar ayında Tokio polisi özünü ukraynalı kimi təqdim edən və yapon işçidən ticarət sirlərini oğurlamağa cəhd edən bir Rusiya kəşfiyyat zabitinin ifşa olunduğunu elan etmişdi. Lakin casusluqla bağlı qanunvericiliyin lazımi səviyyədə olmaması səbəbindən iş rəqabət qanunvericiliyinin pozulması ilə icraata götürülüb. Həmin casus isə ittihamlar irəli sürülməzdən çox əvvəl Yaponiyanı tərk edib…

C.Məmmədli

“AzPolitika.info”