Rusiya hakimiyyəti yaxın qonşuları ilə sivil, qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq variantını heç cür özünə yaxın buraxmaq istəmir

Azərbaycan, xüsusilə də dövlət başçısı səviyyəsində bu və ya digər mövzuda öz müstəqil, suveren və beynəlxalq hüquqa uyğun mövqeyini açıqlayan kimi, Rusiya mediasında, özü də çox vaxt məhz Kremlin nəzarətində olan mediada, teleqram kanallarında və digər platformalarda ölkəmizə qarşı böhtan, qarayaxma, təhdid kampaniyası başlayır. Artıq buna adət etdiyimizdən, Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı məlum açıqlamalarından sonra da eyni ssenarinin təkrarlanacağı gözlənilən idi. Belə də oldu…

Hazırda imperiyaçılıq təkəbbürü və yekəxanalığı ilə “süslənmiş” həmin çirkin kampaniyaya yenidən start verilib. 


Baxmayaraq ki, ölkə başçısı forumdakı çıxışında ölkəmizin Rusiya ilə münasibətlərə dəyər verdiyini, ölkələrimiz arasında məlum səbəblərdən yaranmış problemlərin aradan qaldırıldığını və keçmişdə qaldığını deyib: “Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq...”.

Onu da əlavə edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramovun iyulun 16-da Rusiyaya səfəri nəzərdə tutulub. İndiyə qədər iki ölkə arasındakı məlum gərginlik fonunda bu səfər mümkün olmurdu. İndi isə həm Azərbaycan Prezidentinin qeyd etdiyimiz fikirləri, həm Ceyhun Bayramovun Rusiyaya səfəri ölkəmizin ikitərəfli münasibətlərdəki xoş niyyətinin təzahürüdür, bizim tərəfimizdən münasibətlərin normallaşdırılmasına doğru atılan mühüm addımdır.

Lakin görünür, bunlar kifayət deyil. Daha doğrusu, qarşı tərəf bunları dəyərləndirəcək və adekvat cavab verəcək siyasi mədəniyyətə və psixologiyaya malik deyil. Azərbaycan Moskvadan da eyni cür qarşılıq əvəzinə, öz ünvanına Rusiya mediasında mərkəzləşdirilmiş şəkildə, böyük ehtimalla Kremlin özündə hazırlanmış tezislər əsasında həyata keçirilən hücum kampaniyası görür...


Vladimir Putin məşhur bir ifadəsində “Rusiyanın sərhədləri heç yerdə bitmir” demişdi. Görünür, bu zaman təkcə xəyali olaraq Rusiyanın fiziki sərhədlərini yox, həm də bu ölkənin həmsərhəd dövlətlərə, xalqlara qarşı riyakar, ikiüzlü siyasətinin sərhədlərini nəzərdə tutub. Hazırda olduğu kimi, bir tərəfdən ikitərəfli münasibətlər barədə pozitiv fikirlər səsləndirilir, digər tərəfdən isə Kremlin “cib mediası”na, təbliğatçılarına Azərbaycana qarşı hücum əmri verilir.

Bu ikiüzlülük, riyakarlıq sərhədlərini “sonsuz” etmək üçün Kremlin malik olduğu ən böyük və güclü silah isə heç də “İskəndər”, “Tsirkon” raketləri, nüvə sualtı qayıqları, “S-400” kompleksləri, hətta heç nüvə bombası da deyil. Onun ən böyük silahı zatən əsrlər boyu imperiyaçılıq, şovinizm, ksenofobiya xəstəliyindən əziyyət çəkən, indi isə solovyovların, simonyanların, zatulinlərin, tolstoyların və s. “xidmətləri” sayəsində beyni vətəndaşlığından asılı olmayaraq, bütün qeyri-ruslara qarşı nifrətlə, təkəbbürlə zəhərlənmiş, ətrafda hər kəsi, bütün qonşuları düşmən kimi görən, hətta hakimiyyəti nüvə silahına əl atmağa çağıracaq qədər başını itirmiş cəmiyyətdir

Bu cəmiyyət bəzən faşist təfəkkürü çalarları alan həddə qədər milli və dini ayrıseçkilik ruhunda idarə olunur və “Rusiya ruslar üçün bağıran toplum da bu yanaşmanı məmnuniyyətlə həzm edir.

Bunun nəticəsidir ki, son günlər Rusiya mediasında, sosial şəbəkələrində yenə “köhnə mahnılar” çalınmağa, Rusiyanın inkişafında xidmətləri olan, onun ictimai-sosial həyatında fəal iştirak etmiş azərbaycanlılar “mütəşəkkil cinayətkar qruplaşma” kimi qələmə verilir, onların haqqında təhqiramiz ifadələr işlədilir.

Acınacaqlı olan həm də budur ki, ümumilikdə qeyri-ruslara qarşı açıq ayrıseçkilik, təhqir və təhdid kampaniyasını körükləyən, məsələn, Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin kimi yüksək vəzifəli rəsmilər də var.

Belələri təəssüf ki, Rusiya siyasi elitasında, hüquq-mühafizə orqanları, güc strukturları rəhbərliklərində olduqca çoxdur. Hələ Rusiya Dövlət Dumasında yer alan Pyotr Tolstoy, Vitali Milonov, Aleksey Juravlyov və digər bu qəbildən olan başıpozuq qatı millətçiləri, şovinistləri demirik...

Məhz bu “komanda”nın böyük coşqu ilə qarşıladığı, sevindiyi Ukraynaya qarşı içğalçılıq müharibəsi sayəsində Rusiya ordusu barəsindəki "dünyanın ikinci ordusu" mifi darmadağın edildi. Bu gün Rusiya cəbhədə gündə 50-60 metr irəliləyə bilirsə, bunu da “qənimət” sayacaq səviyyəyə qədər enib, ölkə başçısının hansısa kiçik kəndin alınmasını belə “böyük qələbə” kimi təqdim etdiyi səviyyəyə qədər kiçilib. Müharibə Rusiyanın arxa cəbhəsinə, içərilərinə gəlib. Hərbi və iqtisadi infrastruktura, aerodromlara, anbarlara, müdafiə və neft sənayesi müəssisələrinə zərbələr ara vermir. 

Rus ordusunun yüksək rütbəli zabitləri, generalları cəbhə xəttindən uzaqda, hətta paytaxt Moskvada hədəfə çevrilir, partladılır, məhv edilir. Artıq hamı gördü ki, Rusiyanı, hətta Moskvanı 2-3 gündən bir bombalamaq, zavodlarını, körpülərini, aerodromlarını, gəmilərini və s. vurmaq olar. Moskvanın Ukraynaya qarşı NATO bəhanəsilə başlatdığı bu müharibə səbəbindən Finlandiya və İsveç NATO-ya qoşuldu, nəticədə Rusiyanın Alyansla birbaşa sərhədi 1300 kilometrdən çox artdı və sair.

Bir yandan da iqtisadi göstəricilər acınacaqlı hal alır. Mərkəzi Bankın təxminən 300 milyard dollarlıq ehtiyatları Qərbdə dondurulub. Rusiya onu illər boyu gücləndirmiş Qərb maliyyə, enerji bazarlarına, texnologiyasına və investisiyalarına çıxışını itirib. Bir çox beynəlxalq şirkətlər ölkəni tərk edib. Məhdudiyyətlər bank sektoruna, təyyarə istehsalına, mikroelektronikaya, maşınqayırmaya və digər yüksək texnologiyalı sənaye sahələrinə, hətta kənd təsərrüfatına da təsir edib. Ölkəni yanacaq böhranı bürüyüb. Rusiya əvvəllər qlobal bazarlara təsir göstərdiyi halda, bu gün özü Çinin şərtlərinə uyğunlaşmaq, onun istəyilə oturub-durmaq məcburiyyətində qalıb.

Tarix göstərir ki, uzun sürən müharibələr nadir hallarda təkcə hərbi məğlubiyyətlə başa çatır. Bu, çox vaxt cəbhədəki hadisələrdən daha əhəmiyyətli olan daxili prosesləri tətikləyir. Bu gün heç kim hazırkı müharibənin Rusiya üçün daxildə hansı nəticələr verəcəyini dəqiq deyə bilmir.

Görünür, bütün bunların – cəbhədəki uğursuzluqlar, daxildəki yanacaq böhranı, bitib tükənməyən Ukrayna zərbələri fonunda, xüsusilə də Dumaya seçkilər ərəfəsində ictimai narazılığın artmasını görən Kreml yeni düşmən obrazı yaratmağa və mövcud problemləri bununla ört-basdır etməyə çalışır. “Düşmən” isə Rusiyanın özünün əsrlər boyu istismar etdiyi, üstəlik, Azərbaycan başda olmaqla, təbii sərvətləri və insan resursları hesabına İkinci Dünya Müharibəsini qazandığı qonşu ölkələr, xalqlardır.

Lakin bu zaman Rusiya Cənubi Qafqazda formalaşmış yeni reallığı ya görmür, ya da görsə belə qəbul etmək istəmir. Əlbəttə ki, ikinci variant daha ağlabatandır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib”.

Rusiya isə artıq köhnə metodlardan imtina edərək region ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq əvəzinə öz iradəsini diqtə etməklə, öz cəmiyyətinə digər xalqlara qarşı nifrət, ayrıseçkilik aşılamaqla məşğuldur.

Moskva əslində, bu cür təhdidlərlə özünün bu respublikalardakı olan-qalan nüfuzunu, təsirini də məhv etmiş olur. Bunu bilə-bilə bu siyasətin davam etdirilməsi, doğrudan da rus imperiya zehniyyətinin ağılla çətin başa düşülən cəhətlərindən biridir...


Belə görünür ki, öz imperiyaçılıq, işğalçılıq hikkəsinin qurbanına çevrilərək küncə sıxışdırılan, ard-arda siyasi, iqtisadi və hərbi zərbələr görən və faktiki “izqoy” vəziyyətinə salınan Rusiya hakimiyyəti “harda qırılar-qırılar” psixologiyasına təslim olaraq, yaxın qonşuları ilə normal, sivil, qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq variantını heç cür özünə yaxın buraxmaq istəmir. 

Əlbəttə ki, bu, Azərbaycan da daxil omaqla, qonşu ölkələr üçün heç də ürəkaçan hal deyil. Amma bu siyasətin bumeranq effekti Rusiyanın özünə də dəyir və dəyəcək, özü də çox ağır formada. Bu ayrıseçkilik siyasəti çoxmillətli dövlət olan, tərkibində çoxlu sayda etnik ərazi vahidlərinin yerləşdiyi Rusiya üçün özü şüşə evdə oturub, qonşulara daş atmaq kimi məntiqsiz və təhlükəlidir...

Cəlal Məmmədli

“AzPolitika.info”