Terror təşkilatı FETÖ-nün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı öldürmək üşün 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən əvvəl və həmin gecə bir neçə fərqli sui-qəsd planı hazırlaylb.

“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, təhlükəsizlik mənbələri çevriliş cəhdindən qısa müddət əvvəl Ərdoğanın iştirak edəcəyi hərbi təlim zamanı ona qarşı hücum planlaşdırıldığını bildiriblər. Məlumata əsasən, şübhəli hərəkətlilik müşahidə edildikdən sonra Prezidentin proqramı ləğv edilib.

İddialara görə, FETÖ üzvləri 1981-ci ildə Misir Prezidenti Ənvər Sədatın hərbi parad zamanı öldürüldüyü ssenariyə bənzər plan hazırlayıblar. Təhlükəsizlik və kəşfiyyat orqanlarının xəbərdarlığından sonra həmin planın son anda qarşısının alındığı bildirilir.

Türkiyə Silahlı Qüvvələrinin istefada olan briqada generalı İbrahim Böyükbaşın bildirdiyinə görə, təşkilat çevrilişdən təxminən üç ay əvvəl Prezident Ərdoğanın təyyarəsinin havada vurulmasını nəzərdə tutan ssenari üzərində də işləyib.

Onun sözlərinə görə, planlardan birinə əsasən, Ərdoğan Marmarisdə qaldığı oteldən helikopterlə çıxarıla bilsəydi, Dalaman Hava Limanında gözləyən xarici aviaşirkətə məxsus təyyarəyə mindiriləcək, daha sonra isə havada öldürüləcəkdi. Böyükbaş iddia edib ki, bundan sonra Prezidentin ölkədən qızıl və külli miqdarda pulla qaçmağa çalışdığı barədə dezinformasiya yayılması da planlaşdırılmışdı.


İddialara əsasən, çevriliş planının vaxtından əvvəl həyata keçirilməyə məcbur qalınması, helikopterlərdən birinin gecikməsi, Milli Kəşfiyyat Təşkilatı rəhbərinin Baş Qərargaha səfəri, vətəndaşların küçələrə çıxması və Prezident Ərdoğanın xalqa müraciəti planın uğursuzluqla nəticələnməsində əsas rol oynayıb.

Məlumatda qeyd olunur ki, Prezident Ərdoğanın Marmarisdə qaldığı oteldən sui-qəsd qrupunun gəlməsindən bir neçə dəqiqə əvvəl ayrılması hadisələrin gedişatını dəyişən əsas məqamlardan biri hesab edilir.


Bununla yanaşı, araşdırma materiallarında 15 iyul axşamı İsveçrənin "Albinati Aeronautics" şirkətinə məxsus təyyarənin Dalaman Hava Limanına enməsi ilə bağlı məlumatların da yer aldığı bildirilir. 

İddialara görə, təyyarə Prezident hava limanına çatmamış təcili uçuş icazəsi istəyib, lakin Ərdoğan ərazini tərk etdikdən qısa müddət sonra uçuş ləğv edilib. Həmçinin təyyarədə olan bəzi sərnişinlərin hadisədən sonra Göcəyə, oradan isə yaxta ilə Afinaya yollandıqları iddia olunur.

"AzPolitika.info"