Xaricdə özlərini “müxalifətçi” kimi təqdim edərək Azərbaycan dövlətinə və onun rəhbərliyinə qarşı qərəzli kampaniyalar aparan, təhqir və söyüş ritorikasını əsas “mübarizə” vasitəsinə çevirən şəbəkələrin daxili mexanizmləri zaman-zaman müxtəlif epizodlarla ortaya çıxır. Bu kontingentin fəaliyyət xətti ideoloji və ya siyasi prinsiplərə deyil, daha çox maliyyə maraqlarına və xarici dairələrin sifarişlərinə söykənir.
Söyüş və şantaj mediasının maliyyə mənbələri araşdırılarkən xaricdə yaşayan müxtəlif biznes subyektləri və keçmiş iş adamlarının adları önə çıxır. Məsələn, “Akkord” şirkətinin ABŞ-də yaşayan keçmiş rəhbəri İlqar Hacıyev kimi fiqurların xaricdə özünə “siyasi mühacir” imici yaratmağa çalışarkən, eyni zamanda anti-Azərbaycan şəbəkələrini maliyyələşdirdiyi faktlarla müşahidə olunur. Tural Sadıqlı, Məhəmməd Mirzəli, Manaf Cəlilzadə kimi şəxslərin məhz İ.Hacıyevdən müxtəlif məbləğlərdə (1500–5000 dollar civarında) maliyyə dəstəyi aldığı və bu “qrantlar” müqabilində söyüş media fəaliyyətini idarə etdikləri mühacirət daxilindəki mənbələr və açıq etiraflarla tez-tez gündəmə gəlir.
Məsələnin digər tərəfi isə bu şəbəkələrin xarici kəşfiyyat xidmətləri və müəyyən geosiyasi dairələrlə təmasda olmasıdır. Xüsusilə Rusiya, Fransa və Niderland kimi ölkələrin müəyyən dairələrinin nəzarətində olan bu resurslar Azərbaycanın müstəqil xarici siyasətinə təzyiq göstərmək üçün alət kimi istifadə edilir. Lakin maliyyə axınlarının kəsilməsi və mənfəət bölgüsü üstündə düşən daxili çəkişmələr bu mexanizmin dayanıqsızlığını vaxtaşırı üzə çıxarır.
Almaniyanın Berlin şəhərində keçirilən son tədbirlərdən birində baş tutan söhbət nə ilkdir, nə də təsadüfidir. Bu, xaricdəki radikal şəbəkələrin illərdir tətbiq etməyə çalışdığı, lakin hər dəfəsində uğursuzluqla nəticələnən müəyyən bir taktikadır.
Vaxtilə Almaniyada keçirilən tədbirlərin birində “bloqer” Emin Hüseynov tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevaya qarşı təşkil edilən analoji sual-cavab epizodu da eyni ssenari ilə yadda qalmışdı. Kamera qarşısında şüarçılıq edən, lakin birbaşa təmas yarandıqda əsaslı, intellektual və konstruktiv sual vermək qabiliyyətindən məhrum olan bu kontingent, dövlət rəsmilərinin təmkinli və arqumentləşdirilmiş cavabları qarşısında aciz qalmışdı.
Berlində baş verən son dialoq da göstərdi ki, qarşı tərəf yenə də konkret arqument qoymaqda çətinlik çəkir, standart ittihamlardan o tərəfə keçə bilmir. Maraqlıdır ki, bu cür təmaslar xaricdə yaşayan mühacirlərin öz içərisində də böyük məyusluq, sarsıntı və daxili tənqidlərə səbəb olub. Düşərgənin öz təmsilçiləri tərəfindən verilən reaksiyalar ortaya çıxan mənzərəni bütün çılpaqlığı ilə əks etdirir:
Məsələn, bloqer Elvin Hacıyev Hikmət Hacıyevin Tural Sadıxlıya dediklərini nəzərdə tutaraq bildirir:
"Tural Sadıqlı isə 5 yaşında körpə kimi, bağça uşağı kimi özünü aparır... Hikmət Hacıyev deyir ki, siz 2020-ci ildə erməni separatçılarını dəstəkləmisiniz. Tural isə kəkələyir, “Yox e, mən elə deyiləm” deyir. Dili topuq vurur. Özünü dünənə qədər müxalif adlandıran, haqsızlıq uğrunda mübarizə apardığını iddia edən adam H.Hacıyevin qabağında bağça uşağı kimi qaldı.
Çünki bunların məqsədi həqiqətən mübarizə aparmaq deyil. Məqsəd İsveçrədə, Avropada özünə şərait qurmaq idi, onu da qurdular. Hamısının məqsədi ya oturum almaqdır, ya da İlqar Hacıyev kimi adamlardan 300-500 avro dilənçi payı almaqdır. O insanlar vətən üçün, xalq üçün mübarizə aparmırlar, öz şəxsi mənafeləri üçün xalqın adından istifadə edirlər".
Jurnalist Anar Məmmədov Tural Sadıqlını universitet illərindən tandığını deyir: "Onun ciddi siyasi təzyiq gördüyünə inanmıram. Onun Hikmət Hacıyevi quzu kimi dinləməyinə gəlincə, axı Sadıqlının savad və intellekti Prezidentin köməkçisinə çatacaq qədər deyil".
Nərmin Şahmarzadə isə Sadıqlının hazırlıqsızlığı və mənəvi məğlubiyyəti belə xülasə edir: "Müxalifət iddialıları heç ağıllarına belə gətirə bilmirdilər ki, hakimiyyət nümayəndəsi onlara cavab verə bilər. Bu səbəbdən deyilənlərə heç bir hazırlıqları yoxdur və mənzərə biabırçılıqdır... Hacıyevin təmkinli davranışı, əl verib görüşməsi üstünlük nümayişidir".
Beləliklə, istər keçmişdə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qarşı yönələn cəhdlər, istərsə də Berlində ortaya çıxan son mənzərə bir həqiqəti təsdiqləyir: Ekran arxasında şantaj və söyüşlə manipulyasiya edənlər, dövlətin intellektual resursu və strateji təmkinliyi ilə üz-üzə geldikdə tam bir siyasi və mənəvi iflasa uğrayırlar.
Maliyyə donorlarının ifşası, xarici kəşfiyyat alətinə çevrilmə və savadsız təbliğat bu şəbəkələrin xaricdəki “müxalifət” maskasını birdəfəlik cırmış olur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər