Yaxın Şərqdə və Ukraynada davam edən hərbi-siyasi böhranların həlli istiqamətində diqqətçəkən diplomatik hərəkətlilik müşahid olunur. ABŞ-ın İranla müvəqqəti atəşkəs axtarışları və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ukrayna ilə bağlı son təşəbbüsləri qlobal güclərin pərdəarxası planlarından xəbər verir.
"AzPolitika" xəbər verir ki, bu barədə siyasi təhlilçi Pərviz Əliyev bildirib.
Ekspertin sözlərinə görə, Vaşinqton İranla əvvəllər bağlanmış Anlaşma Memorandumuna qayıtmaq niyyətindədir. Lakin ABŞ bu dəfə sazişin əhatə dairəsini genişləndirərək Yəmən və Husi yaraqlılarının Səudiyyə Ərəbistanına qarşı hücumlarını, eləcə də Qırmızı dənizdəki gəmiçilik fəaliyyətini də bura daxil etmək istəyir.
P. Əliyev hesab edir ki, Tehran bu şərtləri qəbul etməyəcək: "İran üçün Yəmənin müqaviləyə daxil edilməsi, Husilərin Bab əl-Məndəb boğazında ikinci cəbhə açdığı bir vaxtda ABŞ və Körfəz ölkələrinə qarşı əsas təzyiq rıçaqından könüllü imtina etmək deməkdir".
Təhlilçi vurğulayıb ki, ABŞ-ın bu təşəbbüsü ilə Qazaxıstan Prezidenti Tokayevin Ukraynadakı münaqişəni dondurmaq və İstanbul formatına qayıtmaq təklifi arasında təsadüf olunmayacaq dərəcədə sinxronluq var: "Hər iki təklifin arxitekturası eynidir: əvvəlcə atəşkəs, sonra mövcud vəziyyətin möhkəmləndirilməsi və köhnə razılaşmalara qayıdış. Bütün bunlar Qara dəniz, Xəzər, Hörmüz və Bab əl-Məndəb kimi əsas enerji və logistika marşrutlarına birbaşa təsir edir".
P. Əliyevin qənaətincə, bu proseslərin arxasında təkcə siyasətçilər deyil, transmilli maliyyə mərkəzləri, neft korporasiyaları və qlobal ticarət şəbəkələri dayanır. Tokayev isə Rusiya, Çin, Avropa və Londonla sıx əlaqələrinə görə bu sistemdə "ideal vasitəçi" rolu oynayır.
Lakin ekspert münaqişələrin tezliklə dondurulacağını istisna edir: "İranın vəziyyəti əvvəlki status-kvoya qaytarmağa razılaşması, Rusiyanın isə Ukrayna böhranının əsas səbəblərini saxlayan dondurulma variantını qəbul etməsi ehtimalı çox aşağıdır".
Rasim
"AzPolitika.info"

Şərhlər