“Ömrünü sosial medianın kanalizasiyasına qurban vermək böyük fəlakətdir”
Sosial şəbəkələrin, qısa videoların və sürətli informasiya axınının həyatımızda üstünlük qazanması kitab oxuma vərdişlərinə də təsir edib. Bir çoxları hesab edir ki, insanlar artıq uzun mətnlərə vaxt ayırmır, ədəbiyyat isə əvvəlki nüfuzunu itirib. Digərləri isə düşünür ki, problem ədəbiyyatda deyil, onun təqdimat formasındadır.
Bəs həqiqətənmi ədəbiyyat bu gün dəbdən düşüb, yoxsa sadəcə oxucu vərdişləri dəyişib? Ədəbiyyat həqiqətən də əvvəlki qədər maraq doğurmur, yoxsa bu sadəcə yanlış təsəvvürdür?
mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Səfər Alışarlı: “Həyatımızın ritmi, meyar və ölçüləri dəyişir. İndi qəhrəman obrazında uzun-uzadı, bədii həyat təfsilatlarına tələbat azalıb. Çünki insan hisləri, belə götürəndə, ədəbi mövzuların özü kimi, sayca məhduddur və onların hamısı sosial şəbəkələrdə kütləvi şəkildə, bütün çılpaqlığı və bayağılığı ilə verilir.
Bədii ədəbiyyatın nəyi gələcəkdə maraqlı ola bilər? Hesab edirəm ki, bu, olsa-olsa, yazıçının obraz üzərində psixoloji kəşfləri ola bilər. Əslində, müasir və klassik ədəbiyyatda əsas məsələlər məhz bunun üzərində qurulub. Ancaq qrafomanlar külli halda ədəbi bazara ayrı şeyləri soxuşdurublar. Məsələn, patriotizmi, tarixi faktların təhrif olunmuş variantlarını, bayağı sevgi-məhəbbət dastanlarını və sair. Ancaq bunların sonu çoxdan gəlib çatıb. Ədəbi məhsulun keyfiyyəti onun yaradanın istedadı ilə önəmlidir. Mətn qədər yazıçını, onun istedadını və yaxud istedadsızlığını təqdim edən ikinci bir şey yoxdur. Məncə, yazılı ədəbiyyat iddialarında istedad həmişə önəmli və arzuedilən olacaq”.

Yazıçı, tərcüməçi Etimad Başkeçid: “Ədəbiyyatın dəbdən düşməsi fikri tamamilə yanlış təsəvvürdür. İnsanlar hekayə dinləmək və ya oxumaq ehtiyacını itirməyiblər, heç vaxt da itirməyəcəklər. Nəzərə almaq lazımdır ki, filmlər və seriallar da mahiyyətcə ssenaridir, yəni ədəbiyyatdır. Sadəcə olaraq, klassik oxucu modeli tarixə qovuşur. Sosial şəbəkələr ədəbiyyatı öldürmür, əksinə, bəzən onu yenidən trendə çevirir. TikTok platformasında “BookTok” adlı qlobal bir hərəkat var. Gənclər oxuduqları kitablar barədə qısa, emosional videolar çəkirlər. Bu videolar sayəsində illər əvvəl yazılmış kitablar yenidən bestseller siyahılarına düşür. Bundan başqa, “Wattpad” kimi platformalarda gənclərin yazdıqları və oxuduqları hekayələr milyonlarla baxış yığır. Bu, yeni nəslin öz ədəbi mühitini yaratdığını göstərir. Demək ki, problem ədəbiyyatda deyil, bizim hələ də 19-cu əsrin oxucu modelini axtarmağımızdadır.
Biz bəzən tirajın azlığını oxucunun olmaması ilə səhv salırıq. Bu gün Azərbaycanda kağız kitabın baha olması, bölgələrdə kitab mağazalarının qıtlığı böyük problemdir. Amma digər tərəfdən, yerli oxucularımız rus, türk və ingilis dillərində elektron kitabları xarici platformalardan birbaşa smartfonlarına yükləyirlər. Yəni azərbaycanlı oxucu qlobal rəqəmsal axının içindədir, sadəcə bizim yerli kitab sənayemiz və naşirlərimiz hələ rəqəmsal infrastrukturu tam qura bilməyiblər. Süni intellektlə tərcümə olunan bədii ədəbiyyat məsələsinə ayrıca bəla kimi baxmaq laxımdır. Bu haqda yazdığım məqaləni dərc etməyə hazırlaşıram”.

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas alim Mətanət Vahid: “Bizə elə gəlir ki, bu dilemmaları yalnız biz yaşayırıq, amma ədəbiyyatla, sənətlə bağlı seçim həmişə olub. Ədəbiyyat hər yeni kommunikasiya vasitəsi ilə müqayisə olunub və hər dəfə də onun məğlub olduğu düşünülüb. Lakin zaman göstərib ki, düşünə bilən insanın özünü, başqalarını və yaşadığı dövrü anlamaq ehtiyacı dəyişmir. Bu gün də dəyişən ədəbiyyatın mahiyyəti deyil, ona münasibətdir. Kimin münasibəti? Məsələ budur. Sovet dövründə minlərlə tirajla çap olunan, satılan, oxunan kitabların analoji variantları bu gün də uğurla bestsellerə çevrilir. Amma bu, ədəbiyyatdırmı? Kitab oxumaq, ədəbiyyatla, sənətlə nəfəs almaq insanın mənəvi ehtiyacıdır və bütün dövrlərdə olduğu kimi, hamının ehtiyacı deyil, ola bilmir. Əgər insanın reels (qısa videolar) izləmək yox, təkliyə çəkilib kitab oxumaq ehtiyacı varsa, bu zövqü o heç nəyə dəyişməz. Sosial şəbəkələrdə itirilən vaxt dövrün, inkişaf edən texnologiyanın günahı deyil, istifadəçinin öz iradəsizliyindəndir. Hər şeyə vaxt ayıra bilməlisən. Biz texnoloji inkişafdan faydalanmalıyıq. Sosial şəbəkələrdən də öyrənmək, dünyagörüşümüzü, bacarıqlarımızı inkişaf etdirmək üçün istifadə edə bilərik. Yenə seçim hər kəsin özünə məxsusdur.
Rəqəmsal mühit bizi sürətli baxışlara, ani reaksiyaya və bu tələbə uyğun olaraq qısa məzmun istehlakına alışdırıb. İndi izləyicinin diqqətini ilk üç saniyədə tuta bilmədinsə, kontentlə bağlı zəhmətin hədər olur. Ədəbiyyat isə diqqət tələb edir: oxuduğunu (indi həm də izlədiyini, eşitdiyini) həzm etməyi, deməli, bunun üçün düşünməyi, informasiyaya yox, mahiyyətə fokuslanmağı, mətnin içində gizlənmiş mənaları axtarmağı... Başqa sözlə, söhbət mətnin uzunluğu yaxud qısa olmağından yox, dərin oxu mədəniyyətindən gedir. Oxucu var ki, bir neçə günə böyük bir romanı bitirir. Belə oxucularla həmsöhbət olanda bəzən mətnin mahiyyətinə vara bilmədiyini, sadəcə, maraqlı əhvalat oxuduğunu görürəm. Bəzi oxucularda çoxlu kitab oxuma azartı var – say ilə öyünsə də, onu yaxşı oxucu adlandıra bilmirsən. Yəni bu gün ədəbiyyata marağın göstəricisi yeni çıxan bütün kitabları oxumaq, şkafında yüzlərlə kitabın olması ilə öyünmək sayıla bilməz. Adam var, hər ay kitab almağa büdcə ayırır, amma özü qətiyyən yaxşı oxucu deyil. Həqiqi oxucu seçicidir, hər mətnə vaxt, büdcə ayırmır.
Burada məsələyə birtərəfli yanaşıb nə yalnız ədəbiyyatı, nə müəllifi, nə də yalnız oxucunu günahlandırmaq ədalətli olmazdı. “Pis kitab yoxdur” fikri populizmdir, kitablar arasında o qədər makulatura var ki. Elə müəlliflər var, kitabının alınmadığından, oxunmadığından şikayətlənir. Amma bir özünə sual vermir ki, bu rəqabət mühitində oxucu on manatından keçib bu kitabı alsa, bir neçə saat vaxtını sərf edib onu oxusa, qazancı nə olacaq? Sənin kitabın oxucuya nə verir? Mətnin hansı estetik meyarlara cavab verir? Yaxşı mətn isə informasiya bolluğunun içində də öz oxucusunu tapmağı bacarır – qoy sayca az olsun, amma həqiqi oxucu olsun”.

Yazıçı Alpay Azər: “Ədəbiyyata marağın azalması elə sualda qoyulan tezislərlə bağlıdır. Mən özüm, mütaliəni sevən adam, bəzən reelslərdən (qısa videolar) əl çəkə bilmirəm. Əgər keçən əsrdə radio və televiziya qiraətə mane olurdusa, indi bu maneələr saytlardı, sosial şəbəkələrdir. Yəni maneələrin sayı sürətlə artır”.

Yazıçı Cavid Zeynallı: “Qısa videolar, informasiya axını, sosial medianın dominant mövqeyi ədəbiyyatın kütləviliyinə birmənalı şəkildə təsir edib. Bunu öz vərdişlərimdə, kitaba ayırdığım vaxtda da hiss edirəm. İndi ən vacib məsələlərdən biri vaxtı düzgün bölməkdir. Sözün açığı, mənə bəzən gün çatmır. Çünki yazdığım və yazmaq istədiyim xeyli mətnlər var. Üstəlik, cari işlər, vəzifə öhdəlikləri. İstənilən halda ədəbiyyatla, mütaliə mədəniyyəti və vərdişi ilə peşəkar məşğul olanlar bu prosesə dirəniş göstərməlidirlər. İradə, əzm, zəhmət və məsuliyyətlə. İnsanın öz ömrünü sosial medianın kanalizasiyasına qurban verməsi böyük fəlakətdir”.
Oğuz Ayvaz
“Azpolitika.info”

Şərhlər