Dünyada iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi artıq təbii sərvətlər deyil, bilik, innovasiya və yüksək texnologiyalardır. Süni intellekt, rəqəmsal həllər və elmi yeniliklər ölkələrin qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycan da iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədilə innovasiya yönümlü modelə keçidi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Bəs bu keçid üçün ölkəmizdə mövcud potensial nə dərəcədə kifayətdir və qarşıdakı əsas çağırışlar hansılardır? Süni intellekt və yüksək texnologiyalar yaxın illərdə Azərbaycanın əmək bazarına və iqtisadi inkişafına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanın süni intellekt sahəsini prioritet elan etməsi müsbət addımdır. Lakin bu prioritetin real nəticə verməsi üçün konkret tədbirlər görülməlidir.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə güclü elmi baza, universitetlər və peşəkar mütəxəssislər lazımdır: “Bu gün süni intellekt artıq dörd-beş yaşlı uşağın belə istifadə edə bildiyi bir alətə çevrilib. Əsas məsələ həmin alətin ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək ekosistemin qurulmasıdır. Bu istiqamətdə Azərbaycanın hələ keçəcəyi uzun yol var. Ölkə investisiyalar üçün daha cəlbedici olmalı, tranzit və logistika imkanlarını daha da inkişaf etdirməlidir.

Bununla yanaşı, dünya süni intellekt istiqamətində irəliləyirsə, bu o demək deyil ki, biz də mütləq onun ardınca gedək. Əsas məqsəd süni intellekti alət kimi ölkənin prioritet hesab etdiyi sahələrdə, xüsusilə kənd təsərrüfatında, aqrar sektorda və digər strateji istiqamətlərdə səmərəli tətbiq etməkdir. Bizim vəzifəmiz süni intellekti yenidən yaratmaq deyil, ondan düzgün və səmərəli istifadə etməyi öyrənməkdir. Düşünürəm ki, ən məntiqli yanaşma da məhz budur”.

N.Cəfərli bildirib ki, bu sahənin inkişafı qarşısında duran əsas maneələrdən biri kadr çatışmazlığıdır: “Birinci məsələ kadr potensialıdır. Bunun üçün güclü universitetlərə və elmi-tədqiqat mərkəzlərinə ehtiyac var. Biz öz mütəxəssislərimizi yetişdirməliyik. Əgər bütün proqram təminatını və tətbiqləri xaricdən alacağıqsa, bu, bizi asılı vəziyyətə salacaq. Məsələn, hər hansı proqramın yenilənməsini həyata keçirən şirkət fəaliyyətini dayandırsa və ya proqramı yeniləməsə, ciddi problemlərlə üzləşəcəyik.

Ona görə də öz proqram təminatımızı hazırlamaq imkanlarımız və potensialımız olmalıdır. Digər vacib məsələ isə bu sahəyə böyük həcmdə investisiyaların cəlb edilməsidir. Eyni zamanda, beynəlxalq İT şirkətlərinin Azərbaycana gəlməsi üçün daha əlverişli biznes mühiti, daha yaxşı imkanlar və stimullaşdırıcı şərait yaradılmalıdır”.

Oğuz Ayvaz

“AzPolitika.info”