Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç müasir döyüşlərin xarakterinin ciddi şəkildə dəyişdiyini və Alyansın bu reallığa uyğun hazırlaşdığını bildirib. Onun sözlərinə görə, gələcək müharibələrdə pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri və fasiləsiz müşahidə texnologiyaları həlledici rol oynayacaq. Generalın bu açıqlamaları NATO-nun mümkün yeni münaqişələrə hazırlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs bu bəyanatlar hansı geosiyasi mesajları ehtiva edir və dünya təhlükəsizliyi baxımından nə vəd edir?
Mövzunu “AzPolitika”ya şərh edən politoloq Elşən Manafov bildirib ki, NATO Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksis Qrinkeviçin gələcək müharibələrdə radiolokasiya sistemlərinin və pilotsuz uçuş aparatlarının oynaya biləcəyi rolla bağlı səsləndirdiyi fikirlər göstərir ki, yaxın perspektivdə geosiyasi qarşıdurma tərəfləri arasında hərbi əməliyyatların xarakterində və aparılma üsullarında ciddi dəyişikliklər baş verəcək.
Onun sözlərinə görə, orduların yeni texnoloji avadanlıqlarla təchiz olunması sahəsindəki yeniliklər müharibələr zamanı qəfil hücum amilinin üstünlüyünü əhəmiyyətli dərəcədə azaldacaq: “Çünki daha müasir radiolokasiya sistemləri pilotsuz uçuş aparatlarının trayektoriyasını əvvəlcədən müəyyən etməyə və buna uyğun qabaqlayıcı tədbirlər görməyə imkan verəcək. Yeni texnologiyalar dövlətlərin ümumi daxili məhsulundan ordu xərclərinə ayrılan vəsaitin də azalmasına səbəb ola bilər. Belə ki, pilotsuz uçuş aparatları, dronlar və radiolokasiya sistemləri tanklar, artilleriya qurğuları, qırıcı təyyarələr və ballistik raketlərlə müqayisədə xeyli ucuz başa gəlir. Bu isə Hərbi Sənaye Kompleksinə verilən sifarişlərin strukturunda dəyişikliklər yaradacaq və ənənəvi hərbi texnika, silah və sursat istehsal edən müəssisələrin gəlirlərinə təsir göstərəcək”.

Politoloq qeyd edib ki, dronların və pilotsuz uçuş aparatlarının tətbiqi irəliləyən orduların və döyüş texnikasının qarşısının alınmasında mühüm rol oynasa da, yeni ərazilərin ələ keçirilməsi baxımından tanklar və özüyeriyən artilleriya qurğuları qədər effektiv deyil: “Bunu Rusiya-Ukrayna müharibəsi və İran-ABŞ qarşıdurması fonunda baş verən hadisələr də təsdiqləyir. Son dövrlərdə Avropanın dəstəyi ilə Rusiyaya qarşı kütləvi dron hücumları həyata keçirməsinə baxmayaraq, Ukrayna hələ də işğal altında olan ərazilərini tam geri qaytara bilməyib.
Hazırda ABŞ və digər NATO ölkələrinin hərbi arsenalındakı tankların ümumi sayı Çin və Rusiya ilə müqayisədə xeyli azdır. NATO daxilində tankların sayına görə ilk onluqda yalnız ABŞ yer alır. Fransa, Almaniya, Böyük Britaniya və İtaliya isə bu siyahıda yoxdur. Bu amil quru qoşunlarının iştirakı ilə genişmiqyaslı hücum əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir”.
E.Manafov əlavə edib ki, yeni texnologiyaların tətbiqi ilə hərbi əməliyyatlar dövlətlər arasında mövcud sərhədlərin əhəmiyyətini qısa müddətdə zəiflədə bilər: “Bu isə dövlətləri daha mobil, lakin peşəkar orduların formalaşdırılması istiqamətində adekvat addımlar atmağa sövq edəcək. Belə orduların yaradılması yeni texnoloji silahların tətbiqi və onlara qarşı effektiv mübarizə aparmağa qadir silahlı qüvvələrin formalaşdırılması zərurətindən irəli gələcək. Bununla belə, orduların yeni texnoloji silahlarla təchizatı Hərbi Sənaye Kompleksində yenidənqurma işlərinin nə dərəcədə səmərəli və sürətlə həyata keçirilməsindən asılı olacaq. Hər bir halda, NATO-nun Şərqə doğru genişlənməsi Qərbin yeni satış bazarlarına və xammal mənbələrinə çıxışını təmin edən hərbi platforma kimi qiymətləndirildiyindən, yaxın gələcəkdə də geosiyasi mübarizənin avroatlantçılar və avrasiyaçılar arasında davam edəcəyi gözləniləndir.
Yeni texnoloji silahlarla təchizat geosiyasi güc mərkəzləri arasındakı rəqabətin formasını dəyişsə də, onun mahiyyətini dəyişməyəcək. Amerikalı politoloq Samuel Hantinqtonun ifadə etdiyi kimi, bu, “sivilizasiyaların toqquşması” xarakteri daşıyan qarşıdurmadır. Belə bir qarşıdurmadan yayınmaq üçün tərəflər qarşılıqlı kompromisə getmək iradəsi nümayiş etdirməlidirlər”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər