İyulun 28-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri ilk təkbətək görüş keçirilib. 90 dəqiqə davam edən kritik danışıqların ana mövzusu İrana qarşı yeni fəaliyyət xəttinin müəyyənləşdirilməsi və regiondakı hərbi-iqtisadi böhran olub.
"Axios" nəşrinin İsrail hökumətindəki yüksəkrütbəli mənbəyə istinadən verdiyi məlumata görə, Ağ Evdə keçirilən görüşdə Vaşinqton və Təl-Əvivin masada olan 3 əsas hərəkət variantı müzakirə edilib.
Mənbənin bildirdiyinə görə, 90 dəqiqəlik gərgin müzakirələr zamanı İrana qarşı üç mümkün ssenari nəzərdən keçirilib:
İranla yeni diplomatik sazişin əldə olunması;
Dəniz blokadasının davam etdirilməsi və eyni zamanda ölkə iqtisadiyyatına sanksiya təzyiqlərinin maksimuma çatdırılması;
İranın hərbi və strateji obyektlərinə endirilən aviazərbələrin yenidən bərpası və daha şiddətli formada artırılması.
İsrail Baş naziri Binyamin Netanyahu Donald Trampla söhbətində Tehran rejimi ilə hər hansı diplomatik sazişin əldə olunma ehtimalına son dərəcə skeptik yanaşdığını bildirib. Netanyahunun sözlərinə görə, İran hazırda əlində qalan tək təzyiq rıçağından - Hürmüz boğazından istifadə edərək ABŞ-ni güzəştlərə məcbur etməyə çalışır.
Tramp isə öz növbəsində, müharibənin uzanmasının qlobal enerji bazarlarına və dünya iqtisadiyyatına vurduğu zərərdən, neft qiymətlərinin sıçrayışından ciddi narahatlığını ifadə edib.
Görüşün ən diqqətçəkən və sensasion məqamlarından biri Netanyahunun ABŞ-nin İsrailə göstərdiyi hərbi yardımlarla bağlı bəyanatı olub. İsrail Baş naziri Trampa bildirib ki, ölkəsinin müdafiə sahəsində tam müstəqilliyinə nail olmaq üçün önümüzdəki 10 il ərzində ABŞ-dən alınan hərbi yardımı sıfıra endirməkdə qərarlıdır.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, 2028-ci ilə qədər qüvvədə olan 10 illik ikitərəfli sazişə əsasən, ABŞ hazırda İsrailə hər il 3,8 milyard dollar həcmində hərbi yardım ayırır.
Netanyahu bu niyyətini ilk dəfə bu ilin may ayında dilləndirmişdi. Bu addım ABŞ ictimaiyyətində İsrailə olan dəstəyin kəskin düşməsi fonunda atılır. “Pew” Araşdırma Mərkəzinin son sorğularına görə, amerikalıların 60%-i İsrailə mənfi münasibət bəsləyir ki, bu da 4 il əvvəlki göstəricidən 20 faiz bəndi çoxdur. Dəstəyin kəskin azalmasının əsas səbəbi kimi Qəzza zolağında davam edən qanlı döyüşlər və Yaxın Şərqdəki genişmiqyaslı müharibə göstərilir.
Netanyahunun ABŞ hərbi köməyindən imtina planı Təl-Əvivin Vaşinqtondakı daxili siyasi konyunkturadan (xüsusən Konqresdəki və ictimaiyyətdəki narazılıqlardan) asılılığını azaltmaq gedişidir. Eyni zamanda, Trampın enerji bazarlarından narahatlığı göstərir ki, Vaşinqton Hörmüz boğazındakı böhranın uzanmasında maraqlı deyil və İrana qarşı daha sürətli, həlledici addımların atılmasını tələb edə bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər