"Müəllim imtahana girəndə qarşısındakı sualın texniki baxımdan qüsursuz olacağına güvənməlidir"
Məlum olduğu kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarının nəticələri ilə bağlı apellyasiya prosesi yekunlaşıb.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanlarının test mərhələsi 17–25 iyun tarixlərində ölkə üzrə 35 imtahan mərkəzində təşkil olunub. İmtahanlarda 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi isə 96 faiz təşkil edib. Prosesə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, fizika, kimya, biologiya, coğrafiya, informatika, xarici dillər, ibtidai sinif, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, texnologiya və digər fənləri tədris edən müəllimlər cəlb olunublar.
Təhsil İnstitutunun açıqladığı məlumata görə, imtahanlardan sonra müəllimlər tərəfindən təqdim edilən bütün müraciətlər ekspertlər tərəfindən yenidən araşdırılıb, test tapşırıqları isə hərtərəfli təhlil olunub. Araşdırmalar zamanı sualların məzmununun təsdiq olunmuş tədris proqramlarına və normativ çərçivə sənədlərinə uyğun hazırlandığı müəyyən edilsə də, bir neçə test tapşırığında qiymətləndirməyə təsir göstərə biləcək texniki xarakterli uyğunsuzluqlar aşkar edilib.
Müəyyən edilən texniki problemlər tarix, riyaziyyat, texnologiya və fiziki tərbiyə fənləri üzrə ümumilikdə beş test tapşırığını əhatə edib. Təhsil İnstitutu bildirib ki, həmin uyğunsuzluqlar müəllimlərin nəticələrinə mənfi təsir göstərməsin deyə müvafiq bal düzəlişləri onların xeyrinə hesablanıb.
"Səhvin baş verməsindən daha çox həmin səhvin necə idarə olunması vacib məsələdir".

Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, burada əsas məsələni sadəcə “5 sualda texniki səhv olub” kimi qiymətləndirmək düzgün olmaz: “Çünki sertifikatlaşdırma imtahanı minlərlə müəllimin həm peşəkar fəaliyyətinə, həm də nəticədə əmək münasibətlərinə təsir edən kifayət qədər ciddi bir prosesdir. Ona görə də imtahan sualında, cavab variantında və yaxud da sualın texniki tərtibatında hər hansısa uyğunsuzluq müəllimdə haqlı olaraq narahatlıq yaradır”.
“Belə texniki səhvlərin yaranmasının düşünürəm ki, bir neçə səbəbi ola bilər. Sual hazırlanarkən məzmunun düzgünlüyü ilə yanaşı onun texniki redaktəsi, cavab variantlarının uyğunluğu, terminlərin yazılışı, elektron sistemə yerləşdirilməsi və ilkin prosesdə yoxlama mərhələsində də ayrıca nəzarətdən keçirilməsi təmin olunmalıdır. Bəzən sualın ilkin variantı ilə sistemdə təqdim olunan variant arasında texniki uyğunsuzluq yarana bilər. Yəni məsələ hər zaman sualı hazırlayan şəxsin peşəkarlığı ilə bağlı olmur. Prosesin son mərhələlərində də belə hallar baş verə bilər. Amma fikrimcə burada ən vacib məsələ bu prosesdə səhvin baş verməsindən daha çox həmin səhvin necə idarə olunması məsələsidir. Çünki böyük miqyaslı imtahanlarda müəyyən texniki problemlərin tamamilə sıfırlanması çətin məsələdir. Əsas olan odur ki, imtihandan əvvəl suallar çoxpilləli və müstəqil şəkildə yoxlanılsın”, - deyə ekspert qeyd edib.
Təhsil eksperti bildirib ki, problem aşkarlandıqda iştirakçılara aydın və şəffaf məlumat verilməli və nəticəyə təsiri obyektiv şəkildə aradan qaldırılmalıdır: “Əvvəlki illərdə də oxşar halların müşahidə olunması onu göstərir ki, sual bankının hazırlanması və ekspertizası sistemli yanaşmaya ehtiyac duyur. Mən hesab edirəm ki, sertifikatlaşdırma kimi müəllimin taleyinə birbaşa təsir edən məsələlərdə sualların yalnız fənn üzrə mütəxəssislər tərəfindən hazırlanması kifayət deyil. Burada həm metodik, həm məzmun, həm də dil redaktəsi, eləcə də texniki ekspertiza mərhələləri olmalıdır”.
“Bir məsələni də vurğulamaq istəyirəm ki, müəllim imtahana girəndə qarşısındakı sualın texniki baxımdan qüsursuz olacağına güvənməlidir. Çünki müəllim sualı başa düşməyəndə fikirləşir ki, görəsən burada səhv var, yoxsa mən düzgün anlamıram. Artıq bu da istənilən halda imtahandakı nəticəsinə təsir göstərir. Ona görə də bunu bir faciəvi hal kimi qiymətləndirmək olmaz. Amma adi və keçilməsi mümkün bir məsələ kimi də baxmaq olmaz. Beş sualda texniki səhvin aşkarlanması ciddi bir siqnaldır və növbəti imtahanlarda bunun təkrarlanmaması üçün prosesin keyfiyyət təminatı mexanizmlərinə yenidən baxılmalıdır. Burada əsas məqsəd kimisə günahlandırmaq olmamalıdır. Məqsəd müəllimin nəticəsinin texniki səhvdən asılı vəziyyətə düşməsinin qarşısını almaqdır”, - deyə ekspert qeyd edib.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər