ABŞ Prezidenti Donald Tramp İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə o, "Truth Social"da məlumat verib. Tramp bu qərarını Tehranla razılığa gəlmək üçün etdiyini bildirib.
Tramp bildirib ki, ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə və zərbə potensialı ilə İrana qarşı əməliyyata tam hazır vəziyyətdə olub.
“ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə, güc və zərbə potensialı ilə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir”-deyə o vurğulayıb.
Onun sözlərinə görə, İran və digər Yaxın Şərq ölkələri Vaşinqtondan hərbi əməliyyatı təxirə salmağı xahiş ediblər. Tramp qeyd edib ki, buna səbəb tərəflər arasında mümkün razılaşmanın əsas konturları üzrə anlaşmanın əldə olunmasıdır.
ABŞ Prezidenti bildirib ki, nəzərdə tutulan razılaşma Hörmüz boğazı üzərindən gəmiçiliyin dərhal, tam və qeyd-şərtsiz bərpasını, eləcə də İranın nüvə təhdidinin aradan qaldırılmasını ehtiva edir.
“Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, hücumu ləğv etməyə razılıq vermişəm”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, İsrail də bu öhdəliyə qoşulub və tərəfləri razılaşmanın yekunlaşdırılması üçün işi sürətlə başa çatdırmağa çağırıb.
O bildirib ki, bu razılaşma Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə təhdidinin aradan qaldırılmasını əhatə etməlidir.
"Axios"öz mənbələrinə istinadla xəbər verib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampa zəng edərək İrana qarşı yeni genişmiqyaslı hücum planından narahatlığını çatdırıb. Buna qədər Qərb mətbuatı yazırdı ki, Tramp İranın İordaniyadakı ABŞ hərbi bazasına raket hücumuna cavab olaraq yaxın günlərdə İranın enerji obyektlərinə zərbə endirməyi ciddi şəkildə nəzərdən keçirir.
Bir mənbə nəşrə bildirib ki, "Səudiyyə Ərəbistanı narahatlığını bildirib və fəaliyyət planı ilə bağlı aydınlıq gətirilməsini istəyib".
Başqa bir mənbə Məhəmməd bin Salmanın Trampı gərginliyi azaltmağa və hücumlardan çəkinməyə çağırdığını qeyd edib.

Bu arada "Axios"un məlumatına görə, Trampın son açıqalmasından öncə, Qətər vasitəçiləri şənbə günü Əraqçi, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Oman nümayəndələri ilə "ayrıca məsləhətləşmələr" aparıblar. Nəşr əlavə məlumat vermədən bu məsləhətləşmələr zamanı "irəliləyiş əldə edildiyini" bildirib. Portalın məlumatına görə, Qətər tərəfi Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı razılığa gəlməyə ümidlidir.
Lakin bütün bunların fonunda İrandan fərqli reaksiyalar və bəyanatlar gəlir. Belə ki, İran dövlət televiziyası Donald Trampı İrana planlaşdırılan böyük hücumu ləğv etdiyinə görə lağa qoyub. Dövlət televiziyası iddia edib ki, Tramp növbəti dəfə təhdidlərindən geri çəkilib və təkcə İranın deyil, həm də regiondakı digər dövlətlərin təzyiqi altında planlarından imtina etməyə məcbur olub.
Daha sonra Qərb mediası İsrailin N12 televiziya kanalının danışıqlarla tanış olan iki diplomata istinadla yaydığı məlumatı paylaşıb. Həmin məlumata görə, İranın Xarici İşlər naziri Abbas Əraqçi vasitəçilərə bildirib ki, Tehran Hörmüz boğazında gəmiçiliyin bərpası təklifini qəbul edib. Qeyd olunur ki, məhz Əraqçinin razılığı Trampın İrana hücumu dayandırmaq qərarının əsas səbəblərindən biri olub.

N12-nin məlumatına görə, kompromis təklifində Hörmüz boğazından Fars körfəzinə daxil olan gəmilərin İranın ərazi sularında qalacağı, Hörmüz boğazından çıxan gəmilərin isə Omanın ərazi sularından keçəcəyi nəzərdə tutulur.
Lakin Qərb mediasının yazdığına görə, Əraqçinin müsbət cavabının İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) da mövqeyini əks etdirib-etdirmədiyi məlum deyil.
Bu arada SEPAH-a bağlı “Fars” xəbər agentliyi bəyan edib ki, İran Hörmüz boğazının açılmasına icazə verməyəcək. Agentlik bu məlumatı rəsmi Tehranın nüvə danışıqları qrupuna yaxın mənbəyə istinadla yaydığını bildirib. Məlumatda deyilir ki, Tehranın Qətər vasitəçilərinin körfəzin yenidən açılması təklifini qəbul etməsi barədə xəbərlər yalandır. Mənbənin sözlərinə görə, bu barədə heç bir razılaşma yoxdur və "ABŞ düşmənçilik hərəkətlərini davam etdirdiyi müddətcə" boğaz bağlı qalacaq.
Bəs ABŞ-nin növbəti addımı nə olacaq? Daha əvvəl "New York Times" nəşri Trampın Yaxın Şərqdə gələcək hərəkətlər üçün üç ssenarini nəzərdən keçirdiyini bildirmişdi: hərbi eskalasiya, İrana iqtisadi təzyiq və ya qələbə elan edib bölgədən çıxmaq.
Hansı ssenarinin işləyəcəyini bir müddət sonra görəcəyik. Hələliksə, göründüyü kimi, İrana gözlənilən böyük ABŞ-İsrail hücumu təxirə salınır. Ya da təxirə salındığı görüntüsü yaradılır…
Hər halda, İran ətrafındakl gərginliyin yaxın zamanda tam çözüləcəyi qətiyyən real görünmür.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər