Kredit götürməzdən əvvəl bir çox vətəndaş aylıq ödəniş məbləğinə diqqət yetirsə də, müqavilədə yer alan digər şərtləri ətraflı oxumur. Halbuki faiz dərəcəsi, əlavə komissiyalar, cərimələr, vaxtından əvvəl bağlanma şərtləri və digər bəndlər sonradan gözlənilməz maliyyə yükü yarada bilər.
Bəs kredit müqaviləsini imzalamazdan əvvəl hansı maddələr mütləq yoxlanılmalıdır və bankların ən çox diqqətdən yayınan şərtləri hansılardır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən İngiltərə Kral İqtisad Cəmiyyətinin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib ki, kredit müqaviləsini imzalamazdan əvvəl yalnız aylıq ödəniş məbləğinə deyil, kreditin ümumi dəyərinə də diqqət yetirmək vacibdir.
Ekspertin sözlərinə görə, ilk növbədə kreditin illik effektiv faiz dərəcəsi yoxlanılmalıdır: “Çünki kreditin real dəyərinə təkcə nominal faiz deyil, komissiyalar və digər ödənişlər də təsir göstərir. Müqavilədə xidmət haqları, sığorta tələbi, hesabın idarə olunmasına görə tutulan ödənişlər və digər əlavə komissiyalar ayrıca nəzərdən keçirilməlidir.
Bundan əlavə, ödəniş gecikdirildiyi halda tətbiq olunacaq cərimələr, dəbbə pulu və faizlərin hesablanma qaydası əvvəlcədən aydınlaşdırılmalıdır. Krediti vaxtından əvvəl tam və ya qismən bağlamaq istədikdə hər hansı əlavə ödənişin və ya məhdudiyyətin olub-olmaması da mütləq yoxlanılmalıdır. Dünya təcrübəsində bəzi kredit müqavilələrində bu məsələlərlə bağlı xüsusi şərtlərin yer aldığı müşahidə olunur”.

A.Əzimzadə qeyd edib ki, müştəri eyni zamanda ödəniş qrafikinin dəyişdirilməsi, restrukturizasiya imkanları, girov və zaminlə bağlı öhdəliklər, bankın faiz dərəcəsini hansı hallarda dəyişə biləcəyi, eləcə də mübahisələrin həlli mexanizmləri ilə bağlı maddələri də diqqətlə oxumalıdır:“Ən doğru yanaşma müqavilənin hər bəndini imzalamazdan əvvəl diqqətlə oxumaq, başa düşülməyən məqamlarla bağlı bankdan yazılı izahat tələb etmək və bütün şərtlər tam aydın olduqdan sonra öhdəlik götürməkdir. Bu, gələcəkdə yarana biləcək gözlənilməz maliyyə risklərinin qarşısını almağa kömək edir”, – deyə ekspert vurğulayıb.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər