Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey dənizini də əhatə edən "Turizm üzrə Xüsusi Məkan Planı"na münasibət bildirib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, Türkiyə XİN-in sözçüsü Öncü Keçəli "X" hesabında etdiyi paylaşımda bildirilib ki, bu gün elan olunan planın, beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formalaşmalar da daxil olmaqla, Egey dənizi ilə bağlı iki ölkə arasında mövcud olan problemlər kontekstində Türkiyə üçün heç bir hüquqi nəticə doğurmayacaq.
Bəyanatda qeyd olunub ki, ətraf mühitin qorunması kimi universal dəyərlərin siyasi məqsədlərlə alətə çevrilməsi cəhdləri nəticəsiz qalacaq və Türkiyənin bu məsələdə formalaşmış hüquqi mövqeyinə təsir göstərməyəcək.
Həmçinin diqqətə çatdırılıb ki, Egey və Aralıq dənizi kimi qapalı və ya yarıqapalı hövzələrdə birtərəfli addımlardan çəkinmək lazımdır:
"Beynəlxalq dəniz hüququ bu cür dənizlərdə sahilyanı dövlətlər arasında, o cümlədən ətraf mühit məsələlərində əməkdaşlığı təşviq edir. Türkiyə Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu bir daha bəyan edib.
Rəsmi Ankara 2023-cü ilin dekabrın 7-də "Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi" çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalətlilik və yaxşı qonşuluq prinsipləri əsasında həlli ilə bağlı səmimi və hərtərəfli yanaşmasını qoruyub saxlayır".
Qeyd edək ki, Yunanıstan hökumətinin təqdim etdiyi yeni model ölkə ərazisini turizm yükü və coğrafi xüsusiyyətlərə görə müxtəlif kateqoriyalara bölməyi özündə ehtiva edir.

Şərhlər