Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiasını təmin edərək, müxalif “Yabloko” partiyasının Dövlət Dumasının seçkilərində iştirak edəcək federal siyahısının qeydiyyatını ləğv edib.

“AzPolitika” xəbər verir ki, bu barədə 10 avqust tarixində baş tutan məhkəmə iclasının yekunlarına əsasən məlumat yayılıb. Məhkəmə prosesində Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri də “Yabloko”nun seçkilərdən kənarlaşdırılması tələbini dəstəkləyiblər.

“Yabloko” sədri Nikolay Rıbakov yekun çıxışında iddianın rədd edilməsini xahiş edərək bildirib: "“Yabloko” əksəriyyətin maraqlarını müdafiə edən partiya kimi yaradılıb. Biz indi də Rusiya vətəndaşlarının çoхunun hüquqlarını qorumaqda davam edirik. Çünki insan həyatının xilas edilməsi əksəriyyətin marağındadır". Rıbakov partiyanın Ukraynada dərhal atəşkəs sazişinin bağlanmasının və nüvə müharibəsinin qarşısının alınmasının tərəfdarı olduğunu xatırladıb.

“Rodina” partiyası tərəfindən avqustun 7-də qaldırılan iddiada “Yabloko”ya qarşı bir neçə ağır ittiham irəli sürülüb:

Təşviqat materiallarının seçki fondundan kənar maliyyələşdirilməsi;

Müəllif hüquqlarının pozulması (Dmitri Medvedev və digər şəxslərin fotolarından, həmçinin ChatGPT tərəfindən yaradılmış təsvirlərdən icazəsiz istifadə);

Ekstremizm ittihamı (partiyanın saytında LGBT-yə dəstək materiallarının yerləşdirilməsi);

Atəşkəs çağırışları vasitəsilə "Rusiya ərazilərinin azad edilməsindən imtina olunması" təbliğatı.

Hüquq-mühafizə orqanlarının və digər partiyaların təzyiqlərinə baxmayaraq, “Yabloko” “Sülh və azadlıq üçün” şüarı ilə seçkilərə qatılmağı planlaşdırırdı. VCIOM-un iyul ayı üzrə sorğu göstəricilərinə görə, seçicilərin 18%-ə yaxını (təxminən 20,5 milyon nəfər) səsini bu partiyaya verməyə hazır idi.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçiriləcək. MSK indiyədək 11 partiyanın siyahısını qeydə alıb.

Rasim Əliyev

“AzPolitika.info”