Ötən gecə Ukrayna PUA-ları Rusiaydakı strateji obyektlərə növbəti hücumunu həyata keçirib.

“AzPolitika” xəbər verir ki, hücumun nəticələri ilə bağlı sosial mediada məlumat və görüntülər yayımlanıb.

15 PUA Voronejə və bir neçə ətraf rayona hücum edib. Bu barədə Voronej qubernatoru Aleksandr Qusev rəsmi açıqlama verib. Onun dediyinə görə, 49 yaşlı kişi ağır yaralanıb və xəstəxanada ölüb. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Qubernator həmçinin, ad çəkmədən böyük bir şirkətin iki anbarında yanğın baş verdiyini qeyd edib.

“Bir obyektdə yanğın 16.000 kvadratmetr ərazini əhatə edib, digərində isə yanğınsöndürənlər 20.000 kvadratmetr ərazini əhatə edən alovu söndürürlər", - deyə qubernator Telegram-da yazıb. Söhbətin Voronejdəki “Wildberries” mərkəzindən getdiyi məlumdur. Şirkətinin mətbuat xidməti Voronej bölgəsindəki logistika obyektlərinin təhlükəsizlik tələblərinə uyğun olaraq boşaldıldığını bildirib.

“Wildberries” paylama mərkəzi Voronej vilayətinin Novousmanski rayonunun Aleksandrovka kəndində yerləşir. Kompleks 152.900 kvadrat metr sahəni əhatə edir. Anbar tutumu 90 milyondan çox əşyanın saxlanmasına imkan verir. Birləşmiş Wildberries & Russ şirkəti 2025-ci ilin noyabr ayında tam istifadəyə verilən obyektin tikintisinə təxminən 11 milyard rubl sərmayə qoyub.

Moskva meri Sergey Sobyanin isə bildirib ki, Moskvaya 200-dən çox dron hücum edib. Onun sözlərinə görə, dronların əksəriyyəti vurulub.

Ukrayna ordusu hələlik Rusiya bölgələrinə edilən hücumla bağlı şərh verməyib.

Orenburq vilayətində dron hücumu ilə bağlı həyəcan siqnalı verilib. “Exilenova+” Telegram kanalı partlayışların Orsknefteorgsintez neft emalı zavodunda (Ukraynadan təxminən 1960 kilometr aralıda) baş verdiyini bildirir. Partlayışlardan sonra neft emalı zavodunda yanğın baş verib. İlkin araşdırmalar göstərir ki, ELOU-AVT qurğusu zədələnib. ELOU-AVT qurğusu neft emalı zavodunun əsas komplekslərindən biridir.

Bundan əlavə, “Supernova+” Telegram kanalı xəbər verib ki, mexaniki zavoda da hücum edilib.

“AzPolitika.info”