Işğal edilmiş Krımdakı Sevastopol şəhərində baş verən partlayış nəticəsində 49 yaşlı Rusiya Hərbi Dəniz Qüvvələrinin zabiti Robert Şaqeyev həlak olub. 

“AzPolitika” xəbər verir ki, bu barədə ilk olaraq Rusiya təhlükəsizlik qüvvələrinə yaxınlığı ilə tanınan “Mash” məlumat yayıb.

Hadisə bu gün səhər Stoletovski prospektindəki yaşayış massivində baş verib. Şahidlər partlayış baş verən zaman kişinin başqa bir şəxslə pilləkənlərdən endiyini iddia ediblər. Partlayış o qədər güclü olub ki, yoldan keçənlər əvvəlcə binanın dron tərəfindən vurulduğunu düşünüblər. İlkin məlumatlara görə, partlayıcı qurğu zibil qutusuna yerləşdirilib.


Qətlə yetirilən şəxsin kimliyinə gəlincə, məlum olub ki, Şaqeyev Rusiya işğalına qədər Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət edib və Ukraynanın yeganə sualtı qayığı olan “Zaporoje”nin kapitanı olub. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra o, Rusiya Hərbi Dəniz Qüvvələrinə keçib. Son vaxtlara qədər Şaqeyev Rusiya Qara Dəniz Donanmasının 4-cü Ayrı-ayrı Sualtı Qayıq Briqadasının komandir müavini vəzifəsində çalışıb. Ukrayna ona qarşı Vətənə xəyanət ittihamı ilə iş açıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Şaqeyev 2022-ci ildən bəri Ukraynada mülki infrastruktur və yaşayış binalarına qarşı kütləvi “Kalibr” raket zərbələrində iştirak edib.

Bu arada TASS Rusiya kəşfiyyat orqanlarına istinadla xəbər verib ki, partlayışı törədən şəxs qadındır və o, saxlanılıb: "1994-cü il təvəllüdlü saxlanılan şəxsin partlayışı Ukrayna xüsusi xidmət orqanlarının əmri ilə həyata keçirdiyi müəyyən edilib".

“Mash” kanalının məlumatına görə, sözügedən qadın Soçidə yaşayan 32 yaşlı Marqarita Reutdur. FSB-nin məlumatına görə, Reut günahını və Şaqeyevin partladılması üçün Ukrayna xüsusi xidmətindən kriptovalyutada ödəniş aldığını etiraf edib. FSB iddia edir ki, o, Ukrayna kəşfiyyat orqanlarının təlimatları ilə hərəkət edib və zabit keçərkən zibil qutusuna qoyulmuş partlayıcı qurğunu partladıb. Partlayışdan sonra isə qaçmağa cəhd edib.

“AzPolitika.info”