Azərbaycanda İranın "Səhər" telekanalının fəaliyyətinin qanunsuz hesab edilməsindən sonra dünən İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin telekanalın "Kompas" proqramına müsahibə verib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat yayılıb.

Pakayin Azərbaycan-İran münasibətlərinin gələcəyini müsbət qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu bildirib.

O, "Səhər" telekanalının da guya iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini iddia edib.

Verilişin aparıcısı isə telekanalın fəaliyyətinin Azərbaycan tərəfindən qanunsuz hesab edilməsinin iki ölkə arasında "layiqli münasibət"in göstəricisi olmadığını deyərək, səfirdən bu vəziyyəti necə qiymətləndirdiyini soruşub.

Pakayin cavabında konkret səbəblərə toxunmaq istəmədiyini bildirərək, "qonşu ölkələr arasında fikir ayrılıqları baş verir" deyib.

Diplomat rəsmi dövlət kanalı olan AzTV-nin İran tərəfindən "düşmən və terrorçu kanallar" siyahısına salınmasının düzgün addım olmadığını da dilə gətirib.

"Mən elə düşünmürəm ki, biz AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, biz bu telekanalı "Iran International" kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Mənim fikrimcə, bu, bir növ səhvdir", - deyə Pakayin vurğulayıb.

Keçmiş səfir sonda hər iki ölkənin televiziya kanalları və xəbər agentliklərinin mövcud vəziyyətdə təmkinli davranacağına ümid etdiyini bildirib.