Rusiya Ermənistana qarşı təzyiqlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müstəvisində də sərtləşdirib. Moskva İrəvanın təşkilatda formal iştirakına son qoyulması və ya sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıqlar edir.
"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Qaluzinin xəbərdarlıqlarından sonra KTMT-nin Baş katibi Talatbek Masadıkov da İrəvanın qurumdakı gələcək taleyi ilə bağlı qərarın ağlabatan müddətdə verilməli olduğunu bəyan edib. KTMT çərçivəsində Eyvana xəbərdarlıq edilib ki, Ermənistanın məsələsi noyabr ayında Moskvada keçiriləcək dövlət başçılarının zirvə görüşündə müzakirəyə çıxarıla bilər.
Rusiya tərəfi KTMT nizamnaməsinə istinad edərək bildirir ki, öhdəliklərini dalbadal yerinə yetirməyən ölkənin üzvlüyünə digər dövlətlərin konsensusu ilə, həmin ölkənin rəyi nəzərə alınmadan xitam verilə bilər. Rusiya XİN başçısının müavini Mixail Qaluzin bildirib ki, Ermənistanın iclaslara qatılmaması və büdcə sənədlərini imzalamaması onun üzvlük haqqı ödənişi öhdəliyini ləğv etmir.
Hakim "Mülki Müqavilə" partiyasından olan deputat Artur Hovhannisyan isə bildirib ki, İrəvan Moskvanın mümkün sanksiyalarından və ya təşkilatdan kənarlaşdırılma ehtimalından narahat deyil:"Biz KTMT-dəki üzvlüyümüzü dondurmuşuq, çünki bu təşkilat Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib. Biz de-fakto olaraq artıq KTMT ilə heç bir praktiki əməkdaşlığa malik deyilik. Təşkilat bizim təhlükəsizlik zəmanətçimiz deyil və hər hansı təhlükə anında bizə kömək etməyəcək. Biz öz müdafiə qabiliyyətimizi müstəqil şəkildə inkişaf etdiririk".
Müxalifətçi deputat Edgar Qazaryan isə Paşinyan hakimiyyətinin mövqeyini tənqid edərək, İrəvanın beynəlxalq qurumlarla lüzumsuz böhranlar yaratdığını iddia edib. Onun sözlərinə görə, əgər Ermənistan KTMT-dən narazıdırsa, dondurma kimi hüquqi mexanizmi olmayan anlayışlar əvəzinə rəsmi çıxış ərizəsi təqdim etməlidir.
Qeyd edək ki, Ermənistan hələ ki KTMT-dən rəsmi şəkildə çıxmaq üçün hüquqi prosedur başlatmayıb. Təşkilatın digər üzvləri olan Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan isə Azərbaycanla sıx və dostluq münasibətlərinə malikdirlər.
Rasim
"AzPolitika.info"

Şərhlər