Kreml 21-30 avqust tarixlərində keçirilməsi planlaşdırılan növbəti - 18-ci “Spasskaya Başnya”(Spas qülləsi) festivalını ləğv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə festivalın rəsmi Telegram kanalında məlumat yayılıb. Məllumatda festivalın ləğvi "təşkilatçılardan asılı olmayan kənar səbəblər"lə izah edilib.
“Spasskaya Başnya”, Vladimir Putinin "beynəlxalq humanitar əməkdaşlıqda ən uğurlu və təsirli layihələrdən biri" adlandırdığı və Qırmızı Meydanda keçirilən beynəlxalq hərbi musiqi festivalıdır. Kreml ötən illərdə dəfələrlə bu təmtəraqlı beynəlxalq tədbiri keçirməsilə fəxr etdiyini bildirmişdi.
Təşkilatçılar festivalın 2027-ci ildə keçiriləcəyini bildiriblər, lakin dəqiq tarixi daha sonra açıqlayacaqlarına söz veriblər.
“Spasskaya Başnya”, folklor qrupların, ayrı-ayrı dövlət başçılarının fəxri qarovul dəstələrinin və Rusiya Müdafiə Nazirliyi, Rusiya Milli Qvardiyası, Federal Təhlükəsizlik Xidməti, Federal Mühafizə Xidməti və digər qurumların da daxil olduğu xarici və Rusiya hərbi orkestrlərinin iştirak etdiyi dəbdəbəli bir festivaldır. Minlərlə tamaşaçını cəlb edən tədbir ilk dəfə 2007-ci ildə Qırmızı Meydanda keçirilib. Bir çox Avropa ölkəsindən, Kanadadan və Avstraliyadan olan orkestrlər 2022-ci ilə qədər “Spasskaya Başnya”da çıxış ediblər. İndiyə qədər yalnız bir dəfə - 2020-ci ildə koronavirus pandemiyası səbəbindən bu festival ləğv edilmişdi. Bu dəfə tədbir Moskva vilayətində Ukraynanın dron hücumlarının artması fonunda ləğv edilib.
Bundan öncə, iyunun əvvəlində Kreml 23 ildən sonra ilk dəfə Qırmızı Meydanda daha bir böyük tədbiri - Rusiya Gününə həsr olunmuş qala-konserti ləğv etmişdi. 9 May Qələbə Günü Paradı da məhdud miqyasda və təxminən 20 ildən sonra ilk dəfə ağır hərbi texnika olmadan baş tutmuşdu.
Qeyd edək ki, ötən gecə Moskva və onun ətraf rayonları müharibə başlayanadan bəri ən böyük dron hücumlarından birinə məruz qalıb.
“AzPolitika.info”

Şərhlər