Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dolları ötüb. Bunun təxminən 19,3 milyard dolları ixracın, 9,9 milyard dolları isə idxalın payına düşüb. Nəticədə ölkənin xarici ticarətində 9,45 milyard dollarlıq müsbət saldo formalaşıb.
Maraqlıdır ki, ümumi xarici ticarət dövriyyəsinin artımı cəmi 1,3 faiz olduğu halda, ticarət balansındakı müsbət saldo ötən illə müqayisədə təxminən 6 dəfə artıb.
Ötən ilin ilk yeddi ayında Azərbaycanın ixracı 15,2 milyard dollar, idxalı isə 13,6 milyard dollar olduğu halda, bu ilin eyni dövründə ixrac 19,3 milyard dollara yüksəlib, idxal isə 9,9 milyard dollara qədər geriləyib. Beləliklə, bir il ərzində xarici ticarətin iki əsas istiqamətində tamamilə fərqli dinamika formalaşıb.
Bu rəqəmlər fonunda Azərbaycanın xarici ticarətində yaranmış böyük həcmli müsbət saldonun hansı amillər hesabına formalaşması, ixracın artmasına və idxalın azalmasına nələrin təsir göstərməsi, eləcə də bu tendensiyanın ölkə iqtisadiyyatı üçün nə ifadə etdiyi xüsusi maraq doğurur.
Bu barədə “AzPolitika”ya açıqlama verən iqtisadçı Xalid Kərimli xarici ticarətdə müsbət saldonun kəskin artmasının səbəblərini açıqlayıb.

İqtisadçı bildirib ki, bu göstəricidəki dəyişikliklərə bir neçə əsas amil təsir edib. Onun sözlərinə görə, ilk məsələ ötən ilin ilk yarısında qızıl idxalının yüksək olması ilə bağlıdır: “Son 4-5 aylıq göstəricilərə görə, qızılın qiymətində kəskin dəyişiklik olmayacaq. Neft Fondu qızılın qiymətinin artacağını düşündüyü üçün qızıl alırdı. Amma bu ilin ilk yarımilliyində belə bir rəqəm yoxdur. Ən azı keçən il 3 milyard dollardan yuxarı qızıl alınmışdı. Bu il isə qızılın qiyməti düşməyə başlayanda Neft Fondu qızıl alışının həcmini azaltdı, hətta müəyyən qədər satışa da başladı. Əvvəl qızıl alınır və idxal edilirdi. İndi isə qızıl alışının dəyərinin azalması ilə yanaşı, müəyyən qədər qızıl satışına da başlanılıb. Çünki qızılın qiymətinin düşməsi riski var idi və Neft Fondu bu baxımdan ticarət edirdi”.
İqtisadçı ikinci əsas amilin neft və qızıl qiymətlərinin hesabat dövründə daha əlverişli səviyyədə formalaşması olduğunu qeyd edib: “İkinci məsələ neft və qızıl qiymətlərinin bu dövrdə daha yaxşı formalaşmasıdır. Burada müharibə ilə əlaqədar proseslər də təsir buna göstərir. Ticarət statistikasında minlərlə məhsul nomenklaturası var. Neft və qızıl qiymətləri, bilirsiniz ki, bu müharibə ilə əlaqədar, Hörmüz boğazının bağlanması ilə bağlı ölkə üçün daha əlverişli formalaşdı. Nefti 80 dolların üzərindən, 85 dollar civarında satdılar”.
X. Kərİmli neft qiymətlərinin sonrakı dövrdə də yüksək səviyyədə qaldığını bildirib: “İndi də qiymətlər kifayət qədər yüksəkdir. Qiymət 100 dollardan aşağı düşdü. İlk üç ayda isə 100 dollardan yuxarı orta qiymətlər var idi. Sonra qiymət yenidən 85 dollar ətrafına qərarlaşdı. İndi də Azərbaycan nefti 90 dollar ətrafında satılır. Qızıl da Hörmüz boğazının bağlı olması ilə əlaqədar yenidən müəyyən qədər bahalaşıb”.
İqtisadçı xarici ticarət balansına təsir edən üçüncü əsas amil kimi ümumi idxalın azalmasını göstərib. Onun sözlərinə görə, xüsusilə avtomobil idxalındakı azalma diqqət çəkir: “Üçüncü məsələ ümumi idxalın azalmasıdır. Burada diqqəti cəlb edən məqamlardan biri də avtomobil idxalının azalmasıdır. Bu da mühüm təsir göstərən amildir. “Keçən il insanlar bilirdilər ki, ilin sonunda elektrik və hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri dayandırılacaq. Buna görə avtomobil idxalı, xatırlayırsınızsa, keçən il əvvəlki illə müqayisədə 30 faiz artmışdı. Amma bu il əksinə, avtomobil idxalına sərf olunan vəsait kəskin şəkildə azalıb”.
İqtisadçı hesab edir ki, qeyd olunduğu kimi, idxalın azalması, qızıl alışının dəyərinin aşağı düşməsi, hətta müəyyən qədər qızıl satışına başlanılması, eləcə də neft-qaz qiymətlərinin müharibə fonunda yüksəlməsi Azərbaycanın xarici ticarət balansında müsbət saldonun kəskin artmasına səbəb olan əsas amillərdir.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər