Vladimir Putinin 13 avqustda Kurildəki İturup adasına səfəri səbəbindən Yaponiya və Rusiya arasında yaranan diplomatik qalmaqal davam edir.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası Yaponiyanın Moskvadaki səfiri Akira Mutonun nəhayət, Rusiya XİN-in tələbini qəbul edərək, bu gün nazirlik binasına gəldiyi barədə xəbər yayıb. Orada ona sərt etiraz notası təqdim edilib.

Səfir Yaponiyanın Baş naziri Sanae Takaiçi və xarici işlər naziri Toşimitsu Moteqi Vladimir Putinin İturupa səfərini sərt tənqid etdikdən və Moskvaya etiraz notası göndərdikdən sonra Rusiya XİN-ə çağırılmışdı. Lakin Muto iki çağırışı rədd deərək, nə 14, nə də 17 avqustda Xarici İşlər Nazirliyinə gəlməmişdi.

Buna görə, şəxsən Sergey Lavrov mətbuat konfransında səfirin davranışını tənqid edərək, diplomatın “ev sahibi ölkədəki işi ilə bağlı müzakirə üçün” Rusiya Xarici İşlər Nazirliyinə gəlməli olduğunu bildirdi: "Səfiri çağırdıq. O, Xarici İşlər Nazirliyinə gəlməlidir və biz həm Prezident Putinin Rusiyanın İturup adasına səfəri ilə bağlı Yaponiya rəhbərliyinin davranışını, həm səfirin ev sahibi ölkədəki işini, həm də Rusiyada xarici diplomatlar üçün mövcud olan prosedurlara necə hörmət edilməli olduğunu müzakirə edəcəyik".

Belə görünür ki, Yaponiya səfirinin iki dəfə Rusiya XİN-in çağırışını rədd etməsi təsadüfi deyil və bu addım böyük ehtimalla rəsmi Tokio ilə məsləhətləşərək atılıb. Tokio isə Ukraynadakı müharibə davam edərkən, indiki mürəkkəb beynəlxalq şərait fonunda Yaponiyanın özününkü və Rusiya tərəfindən işğal olunmuş hesab etdiyi Kuril adalarına Putinin anlaşılmaz səfərini heç cür normal qəbul edə bilmir.

C.Məmmədli

“AzPolitika.info”