Kolumbiyada 7,4 bal gücündə zəlzələdən təxminən bir həftə sonra gün batımı zamanı göy üzünün tünd qırmızı və narıncı rəngə boyanması sakinlər arasında narahatlıq yaradıb.
Qeyri-adi görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb, bəzi istifadəçilər isə hadisəni zəlzələ ilə əlaqələndirib.
Mütəxəssislər isə göy üzünün qırmızı rəngə boyanmasının öz-özlüyündə zəlzələ ilə əlaqələndirilə bilməyəcəyini bildiriblər.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, günəş doğarkən və batarkən Günəş şüaları atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi və bənövşəyi işıq daha çox səpələnir, qırmızı və narıncı rənglər isə daha aydın görünür. Atmosferdəki müxtəlif hissəciklər və buludlar da günəş şüalarının yayılmasına təsir göstərərək bu rənglərin daha intensiv görünməsinə səbəb ola bilər.
"AzPolitika.info"

Şərhlər