Vladimir Solovyov hər nə qədər Kremlin ən qatı və aqressiv təbliğatçısı kimi görünsə də, öz sambalına görə Kremlin baş təbliğatçısı daha çox "Rossiya Seqodnya"nın baş direktoru və "Vesti Nedeli"nin aparıcısı Dmitri Kiselyov sayılır. Lakin Rusiya mediasında Kiselyovun yola salınacağı barədə məlumatlar yayılmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarına yaxın sayılan “VÇK-OQPU” Telegram kanalı yeni mövsümdə Kiselyovun 2012-ci ildən bəri apardığı "Vesti Nedeli" proqramından uzaqlaşdırılacağı barədə məlumat yayıb.

Onun yerini digər təbliğatçının - Yevgeni Popovun tutacağı bildirilir. Eyni zamanda, verilişin formatının da əhəmiyyətli dərəcədə dəyişdiriləcəyi, Kiselyovunsa "Rossiya Seqodnya"nın baş direktoru vəzifəsini də itirə biləcəyi qeyd edilir.

“VÇK-OQPU” mənbələri bildirir ki, Kremlin baş təbliğatçısına qarşı şikayətlər uzun müddətdir ki, toplanır. Buraya proqrama marağın azalmasından tutmuş Prezident Administrasiyasının tövsiyələrinə qulaq asmamağa qədər bir çox mətləblər daxildir.

Kanalın mənbələrinə görə, Kiselyovun özü bu qərarı ağrılı şəkildə qəbul edib və özünü intriqaların qurbanı hesab edir.

Hələlik bu xəbərlə bağlı VQTRK dövlət kanalı, "Rossiya Seqodnya" və ya Kremldən heç bir açıqlama yoxdur.

Məlumatda o da qeyd olunur ki, bu yay Yevgeni Popov artıq "Vesti Nedeli" verilişində Kiselyovu əvəz edib. Buna baxmayaraq, verilişin rəsmi səhifələrində hələ də aparıcı kimi Kiselyov göstərilir.

“AzPolitika.info”