“Azərbaycanla münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik”
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdikdən üç gün sonra bu gün mətbuat konfransı keçirib. Səfir jurnalistlər qarşısındakı bəyanatının açılış hissəsini Azərbaycan dilində təqdim edərək iki ölkə arasında genişlənən tərəfdaşlıq və gələcək perspektivlər barədə mühüm mesajlar verib.
"Gəncədə bir ailədə qalmağım mənə çox şey öyrətdi"
Azərbaycanla şəxsi bağlılığından söz açan diplomat ilk dəfə 1999-cu ildə həyat yoldaşı Kerri ilə Bakıya gəldiyini xatırladıb: “O zaman gördüyüm Azərbaycan bu gün geri qaytdığım ölkədən çox fərqli idi. 2025-ci ilin əvvəllərində Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti, mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyim qədər çox şey öyrətdi. Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi.”
Əlaqələr Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırılır
Səfir iki ölkə arasında 30 ildən çox davam edən əməkdaşlıq tarixinin olduğunu və bu münasibətlərin BP-nin qabaqcıl investisiyaları ilə enerji sektorunda başladığını vurğulayıb. D. Norman bildirib ki, artıq tərəfdaşlıq enerji çərçivəsindən kənara çıxaraq müdafiə, təhlükəsizlik, ticarət, təhsil və innovasiya sahələrini əhatə edir:“Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək.”
Böyük Britaniya hökumətinin prioritetlərindən birinin iqtisadi artım olduğunu deyən diplomat, Azərbaycanın ticarət, investisiya və regional bağlantılar baxımından mühüm tərəfdaş olduğunu qeyd edib. O, Londonun enerji keçidini, Britaniya şirkətlərinin təmiz enerji sektoruna investisiyalarını və Azərbaycanın bərpa olunan enerji potensialını dəstəklədiyini diqqətə çatdırıb. Həmçinin Azərbaycanın regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar (data) üzrə təbii bir mərkəz kimi görüldüyü vurğulanıb.
Təhsilin ikitərəfli əlaqələrin en möhkəm sütunlarından biri olduğunu deyən diplomat statistik göstəriciləri bölüşüb: “Bu il də Böyük Britaniya Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gənclər üçün ən çox üstünlük verilən ölkə olmağa davam etdi: tələbələrin 61%-i Britaniya universitetlərində təhsil almağı seçməklə dünya standartlarında təhsilimizdən faydalandı.”
Səfir “Chevening” proqramına müraciətlərin açıq olduğunu xatırladaraq istedadlı Azərbaycan vətəndaşlarını aktiv olmağa çağırıb. O, həmçinin süni intellekt, rəqəmsal transformasiya, gələcək üçün iş yerlərinin yaradılması və qadınların iqtisadi səlahiyyətlərinin artırılması istiqamətində birgə layihələrin davam edəcəyini bildirib.
Müdafiə və təhlükəsizlik sahəsindəki əlaqələrin heç vaxt bu qədər güclü olmadığını vurğulayan D. Norman, Böyük Britaniyanın təlimlər və təcrübə mübadiləsi vasitəsilə bu sahəni daha da dərinləşdirmək niyyətində olduğunu bildirib: “Böyük Britaniya Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik.”
Bundan əlavə, ciddi mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizədə iki ölkənin hüquq-mühafizə organlarının sıx əməkdaşlıq etdiyi qeyd olunub.

Ukrayna, regional sabitlik və Yaxın Şərq
Səfir Birləşmiş Krallığın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi davam etdirdiyini xatırladıb: “Sanksiyalar Rusiya iqtisadiyyatına təxminən 450 milyard funt sterlinq məbləğində zərər vurub. Bu rəqəm Putinin qanunsuz müharibəsi üçün ayrılmış iki illik büdcəyə bərabərdir. Ukraynaya olan öhdəliyimiz uzunmüddətdir: 100 illik tərəfdaşlıq. Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi qəlbdən alqışlayıram. Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlığının dəstəklənməsində əvəzsiz rol oynayır. Bundan əlavə, Prezident Zelenski aprel ayında tarixi bir səfər də etmişdi.”
D. Norman həmçinin Qəzzadan İrana qədər uzanan regionda sülhün bərqərar olması, o cümlədən Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın konstruktiv mövqeyinə görə təşəkkürünü bildirib.
Cənubi Qafqazda sülh və "Sülh Körpüsü" təşəbbüsü
Mətbuat konfransında Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə də geniş yer ayrılıb: “Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq.”
Səfir əlavə edib ki, nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin bərpası regiona rifah gətirəcək vә Birləşmiş Krallıq dayanıqlı infrastruktur, eləcə də daha əhatəli Orta Dəhliz layihəsinin icrasına Britaniya təcrübəsi, investisiyası və maliyyələşdirməsi ilə dəstək verməyə hazırdır.
Çıxışının sonunda Dunkan Norman iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün var gücü ilə çalışacağını vurğulayıb.
Səfir daha sonra jurnalistlərin suallarını cavablandırıb.
“AzPolitika” əməkdaşının “cənab səfir, çıxışınızda tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılacağını, müdafiə, təhlükəsizlik sahələri üzrə əməkdaşlığın daha da inkişaf edəcyini qeyd edirsiz. Məlumdur ki, hazırda qlobal İran-Birləşmiş Ştatlar və Rusiya-Ukrayna münaqişləri bizə qonşu regionda gedir və bu ölkələrin Azərbaycanla birbaşa sərhədləri var. Bu münaqişənin yaratdığı riskləri nəzərə alaraq, Böyük Britaniya Azərbaycanla təhlükəsizlik sahəsi üzrə əməkdaşlığı, dialoqu necə inkişaf etdirə bilər” sualını belə cavablandırdı: “Əlbəttə, bizim Azərbayanla çox sıx münasibətlərimiz var biz mütəmadi dialoq aparırıq. Bu zaman bir çox mövzular müzakirə olunur. Təbii ki, ölkələr bir çox şeyləri seçə bilsələr də öz qonşularını seçə bilməz. Sizin də qeyd etdiyiniz kimi, Azərbayanın əhatə olunduğu ölkələrdə münaqişələr böhranlar hökm sürməkdədir. Biz Azərbayanla dialoq halındayıq, bir çox mövzularla yanaşı ortaq təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdirik. O cümlədən, digər ölkələrə və Birləşmiş Krallığa qarşı təhdidlər, hədlərlə bağlı da müzakirələr aparırıq. Mən artıq öz çıxışımda Ukrayna ilə bağlı məsələləri qeyd etdim, Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı danışdım. Ümumiyyətlə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi, bu istiqamətdə bir çox ortaq fikirlərimizin olmasını yüksək qiymətləndirirəm”.
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər