Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı müharibəyə canlı qüvvə cəlb etmək üçün tətbiq etdiyi dəhşətli üsullarla bağlı daha bir şok fakt üzə çıxıb.
“AzPolitika”nın “Okno” layihəsinə istinadən verdiyi məlumata görə, Moskva ətrafındakı hərbi hissədən Kursk vilayətinə köçürülən azı 13 nəfər müddətli hərbi qulluqçu (çağırışçı) ağır işgəncələr, təzyiqlər və fiziki zorakılıq altında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilib.
Əsgər yaxınlarının və vəkillərin verdiyi məlumatlara görə, işgəncə və təzyiqlər hərbi hissəyə gətirildikləri ilk gündən başlayıb. Çağırışçıları duşu və tualeti olmayan, sanitariya qaydalarına cavab verməyən “kozlyatnik” adlandırılan xüsusi tikilidə saxlayıblar. Komandirlər açıq şəkildə bildiriblər ki, tualet və normal yaşayış şəraiti yalnız müqavilə imzaladıqdan sonra veriləcək.
Mayın 18-də isə təzyiqlər fiziki işgəncə müstəvisinə keçib. Səhər saat 06:00-da aralarında 19 yaşlı Arseni Tolkaçev, 21 yaşlı Dmitri Medvedev, 20 yaşlı Boqdan Xalturin və 23 yaşlı Ruzil Urazovun da olduğu 38 müddətli hərbi qulluqçu sıraya düzülüb və onlara əleyhqaz geyinmək əmri verilib.
35 dərəcə isti hava şəraitində əsgərləri saatlarla meydançada qaçmağa məcbur ediblər. Hər saat-saat yarım yarımdan bir dayandıraraq "Müqavilə imzalamağa razısınızmı?" sualını veriblər. İmtina cavabı aldıqda isə zorakılığın dozası daha da artırılıb.
Əsgər Dmitri Medvedevin qohumu Sergey jurnalistlərə bildirib ki, müqavilə imzalamaqdan imtina edən çağırışçılar qaçdıqları zaman daş və ağac parçaları ilə döyülüblər: "Bir neçə saat boyunca əleyhqazda qaçan uşaqları döyürdülər. Valideynlər sonradan onların bədənindəki qanşırımları, hematomaları və kəsilmiş yaraları lentə ala bildilər. Uşaqlar buna müqavimət göstərdikdə isə komandirlər onların ayaqlarının altına və havaya döyüş/təlim güllələri atmağa, meydançaya tüstü bombaları tullanmağa başladılar. Hətta bir az ləngiyən əsgərin yaxınlığına qumbara atırdılar. Sonradan müqaviləyə imza atdırandan sonra bildirdilər ki, guya güllələr korpusa zərər verməyən boş güllələr olub".
Hərbi rəhbərlik əsgərlərin qarşısına iki ultimatum qoyub: ya Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlayaraq cəbhəyə getmək, ya da Ukrayna ilə həmsərhəd zonalara köçürülmə sənədini imzalamaq.
Dəhşətlisi odur ki, köçürülmə sənədi ilə bərabər əsgərlərə "Həlak olacağım təqdirdə cəsədimin göstərilən ünvana göndərilərək dəfn edilməsinə razılıq verirəm" məzmunlu rəsmi ərizə də imzalatdırılıb.
Hüquq müdafiəçilərinin və vəkil Arinanın sözlərinə görə, bu, açıq-aşkar psixoloji terror və işgəncədir. Meydançada yaradılan dözülməz şəraitdən və işgəncələrdən sonra 13 əsgər təzyiqlərə dözməyərək müqaviləyə imza atıb və dərhal duş olan kazarmalara aparılıb. Qalan 25 əsgər isə bütün işgəncələrə baxmayaraq müqaviləyə qol çəkməyib, yalnız cəsədlərinin valideynlərinə təhvil verilməsi barədə sənədi imzalamaqla kifayətlənib.
Olaya müdaxilə edən valideynlər və vəkillər Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa rəsmi şikayətlər ünvanlayıblar. Hazırda hüquqşünaslar imzalanmış müqavilələrin ləğv edilməsi üçün mübarizə aparırlar. Lakin Rusiyada hərbi məhkəmələrin analoji işlərdə Müdafiə Nazirliyinin mövqeyini müdafiə etməsi və şahidləri dindirməkdən imtina etməsi fonunda hüquq müdafiəçiləri bu gənclərin cəbhəyə göndərilməkdən xilas edilməsi şansını çox aşağı qiymətləndirirlər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər