Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə “C5-dən C6-ya keçid” rəsmi Bakının regional rolunun yeni mərhələsindən xəbər verir.

Bu fikirləri "AzPolitika"ya açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Millət vəkilinin sözlərinə görə, bu yanaşma Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını göstərir: Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birindən ayrı geosiyasi məkanlar deyil, getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat platforması kimi çıxış edir.

Özbəkistanla müttəfiqlik və rekorda imza atan ticarət dövriyyəsi

Azərbaycan və Özbəkistan arasındakı münasibətlərə toxunan deputat vurğulayıb ki, son illərdə əlaqələr dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşma yalnız dövlətlərarası səviyyədə qalmır, xalqlar arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsi ilə müşayiət olunur.

İqtisadi göstəricilərin bu dinamikanı aydın əks etdirdiyini deyən P.Vəliyeva rəqəmləri diqqətə çatdırıb:

"2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında da ticarət dövriyyəsində 33 faizlik artımın qeydə alınması əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərir. Qarşılıqlı investisiyalar, birgə müəssisələr və yeni layihələr iqtisadi münasibətlərimizi daha da şaxələndirir."

Orta Dəhliz və "Yaşıl Dəhliz" təşəbbüsü

Nəqliyyat və logistika sahəsindəki tərəfdaşlığın əhəmiyyətindən danışan millət vəkili bildirib ki, Azərbaycanın Şərqlə Qərb arasında, Özbəkistanın isə Mərkəzi Asiyada malik olduğu potensial iki ölkəni regional bağlantıların əsas iştirakçılarına çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası isə regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişə bilər.

P.Vəliyeva həmçinin geostrateji enerji layihələrinə diqqət çəkib:

"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılan 'Yaşıl Dəhliz' təşəbbüsü Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin dibi ilə enerji bağlantılarının yaradılması perspektivi bu əməkdaşlığın uzunmüddətli geoiqtisadi çəkisini daha da artırır."

TDT, Türk dünyası inteqrasiyası və vətəndaş cəmiyyəti

Deputat qeyd edib ki, hər iki dövlət Türk Dövlətləri Təşkilatını (TDT) yalnız iqtisadi-siyasi platforma kimi deyil, ortaq dəyərləri gələcəyə daşıyan birlik kimi qiymətləndirir və bu münasibətlər Türk dünyasının inteqrasiyası üçün nümunəvi modeldir.

Bundan əlavə, vətəndaş cəmiyyəti sahəsindəki əlaqələrə də toxunan P.Vəliyeva xatırladıb ki, 2026-cı ildə Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elan edilməsi ikitərəfli münasibətlərin inkişafında ictimai sektorun fəal rolunu nümayiş etdirir. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri həm də Şərqlə Qərb arasında yeni bağlantılar yaradan və Türk dünyasının iqtisadi və siyasi potensialını gücləndirən daha geniş regional prosesin mühüm hissəsinə çevrilir.