"“Qarabağ hərəkatı" Ermənistanın gələcəyini yox etmək layihəsi idi”
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkənin xarici siyasəti, təhlükəsizlik aliansları, regiondakı kommunikasiyalar və Azərbaycanla münasibətlər barədə bir sıra sensasion bəyanatlarla çıxış edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan həm Moskva ilə gərginləşən münasibətlərə, həm də qondarma "Qarabağ layihəsi"nin tamamilə qapadılmasına toxunub.
Baş nazir çıxışında rusiyalı həmkarlarına növbəti dəfə müraciət edərək, Ermənistan ərazisindəki dəmir yollarının idarəçiliyini üçüncü bir ölkəyə təhvil verməyə çağırıb: “İnvestorlar, daşıyıcılar, mal satanlar və alanlar niyə Arazdəyən – Axurik dəmir yolundan yayınırlar? Bunun sadə bir səbəbi var: dəmir yolunun bu hissəsi tamamilə Ermənistana aid olsa da, Rusiya Dəmir Yollarının (RZD) idarəçiliyi altındadır. Bundan başqa, Rusiya ilə Qərb arasındakı mürəkkəb münasibətlər və Rusiyaya tətbiq olunan sanksiyalar beynəlxalq investorları və daşıyıcıları birbaşa və ya dolayısı ilə sanksiya məhdudiyyətləri riskini almaqdan çəkindirir”.
Paşinyan dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu, sadəcə idarəçiliyinin Rusiya Dəmir Yollarında bulunduğunu və bundan hər hansı bir narahatlıqlarının olmadığını vurğulasa da, mövcud vəziyyətin yaratdığı təhlükəni belə izah edib: “Biz Rusiyaya və onun maraqlarına son dərəcə hörmətlə yanaşırıq, lakin dəmir yolunun Rusiya nəzarətində olması səbəbindən Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək kimi tarixi fürsəti itirmək təhlükəsi ilə üz-üzəyik. Biz bu tarixi fırsəti itirməyi gözə ala bilmərik. Rusiya tərəfindən esneklik göstərməsini və güzəşt hüquqlarını Ermənistan ilə Rusiyanın qəbul edə biləcəyi üçüncü bir ölkəyə satmasını xahiş edirik”.
Paşinyan region qonşuları ilə münasibətlərə toxunaraq bildirib: “Ermənistanı sadəcə Azərbaycanda deyil, Türkiyədə də axtarmamalıyıq, İranda da axtarmamalıyıq, Gürcüstanda da axtarmamalıyıq. Biz dörd qonşumuzun beynəlxalq səviyyədə tanınmış ərazilərində vətən axtararkən, onların da Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtarmasına qapı açırıq. Belə çıxır ki, biz dörd yer axtarırıq, onlar isə ölkəmizdə tək bir yer axtarırlar”.
Ermənistan Baş naziri keçmişdə səsləndirdiyi bəyanatlara və "Qarabağ məsələsi"nə də yekun nöqtə qoyub: “Qarabağ Ermənistandır və nöqtə” dediyimi unutmamışam. Lakin son illərdə bu mövzuya dəfələrlə toxunduğum üçün bunu bir dəfəlik yekunlaşdırmaq istəyirəm. Əslində, bütün erməni siyasətçilərinin, hətta bütün fiqurların siyasi kökü olan "Qarabağ hərəkatı" və Qarabağı Ermənistan kimi görmək ideyasına olan aramsız bağlılıq mənə və həmkarlarıma cəsarət verdi. Pərdəni aralayıb "Qarabağ hərəkatı"nın arxasında nə olduğunu görməyimizi təmin etdi. "Qarabağ hərəkatı" Ermənistanın gələcəyini ortadan qaldırmağa yönəlmiş bir layihədən başqa bir şey deyildi. Xalqın verdiyi səlahiyyətlə biz bu layihəni bağladıq və Ermənistan dövlətinin davamlılığı üçün sərhədsiz imkanlar açdıq”.
Nikol Paşinyan Ermənistanın tezliklə Avropa ittifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesini başladacağını elan edib. O bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı referendum müəyyən yol xəritəsi formalaşdıqdan sonra keçirilməlidir: “Anladığım qədərilə, Aİ üzvlüyü üçün rəsmi müraciət etdikdən, uyğun cavab aldıqdan və süreç üçün yol xəritəsi müəyyənləşdirdikdən sonra referendum təşkil edəcəyik”.
Xatırladaq ki, may ayının sonunda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri İrəvanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq barədə tez bir zamanda referendum keçirməyə çağıran birgə bəyanat yaymışdılar. Həmçinin dekabr ayında keçiriləcək Aİİ sammitində Ermənistanın bu qurumdakı üzvlüyünün dondurulmasının olası nəticələri barədə məruzə təqdim olunacağı bildirilir.
Paşinyan bu çağırışlara belə cavab verib: “Bunu yüksək qiymətləndirdiyimiz dostluq jesti kimi qəbul edirik. Ermənistanda belə bir referendumun mütləq keçiriləcəyinə əminəm, məsələ zamanlamadadır. Zamanlama sadəcə təşkilati baxımdan deyil, məzmun baxımından da vacibdir”.
Hərbi aliyansla münasibətlərə toxunan Paşinyan, KTMT-dəki fəaliyyətlərini aktivləşdirməyəcəklərini bəyan edib: “KTMT-də müzakirələrin olduğunu və təşkilatın nizamnaməsinin bir ölkənin qurumdan çıxarılması kimi maddəni nəzərdə tutduğunu bilirəm. KTMT Ermənistanı təşkilatdan çıxarmaq barədə qərar qəbul etsəydi, çox məmnun olardım. Ən azından bizi ayrılıb-ayrılmamaq ikiləmindən xilas edərdilər”.
Xatırladaq ki, Rusiya KTMT məsələsində İrəvana təzyiqlərini artırıb. Avqustun ortalarında KTMT Baş katibi Talatbek Masadikov İrəvanın qurumdakı gələcək iştirakı ilə bağlı qərarın ağlabatan müddətdə verilməli olduğunu bildirmişdi.
İrəvan artıq dördüncü ildir ki, hərbi aliyansın fəaliyyətini boykot edir. 2022-ci ildən etibarən KTMT-nin iclaslarında iştirakı dayandıran Ermənistan, 2024-cü ilin fevralında üzvlüyünü rəsmən dondurub və üzvlük haqqı ödəməyi də dayandırıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər