Ukrayna Ordusunun son həftələrdə Rusiya dərinliklərinə təşkil etdiyi PUA (pilotsuz uçuş aparatı) hücumları müharibənin gedişatında yeni və kritik bir mərhələnin başladığını nümayiş etdirir. Kiyevin xüsusilə "Ozon" və "Wildberries" kimi nəhəng loqistika və elektron ticarət mərkəzlərini, həmçinin neft emalı zavodlarını hədəf alması Rusiyanın həm iqtisadi, həm də sosial dayanıqlığına ciddi zərbə vurur.
“AzPolitika” Qərb mediasına dərc olunan analitik materiallara istinadla xəbər verir ki, Ukraynanın bu taktiki gedişinin Rusiya cəmiyyətində və Kremlin idarəetmə sistemində yaratdığı dərin çatlama təhlil olunur.
Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində Ukrayna dronlarının loqistika mərkəzlərinə zərbələrini "kritik olmayan, sadəcə müəyyən narahatlıqlar yaradan" hallar kimi qiymətləndirməyə çalışıb. Putinin sözlərinə görə, bu hücumlar Ukraynaya cəbhədə heç bir strateji üstünlük vermir və Rusiya buna cavab olaraq Ukrayna şəhərlərini daha intensiv atəşə tutur.
Lakin Kremlin reallıqda nə qədər təşvişdə olduğunu qəbul edilən yeni fərmanlar üzə çıxarır. Belə ki, hücumların ardından Rusiya hökumətinə təhlükəsizlik səviyyəsini lazımi həddə qoruya bilməyən özəl loqistika, nəqliyyat və kritik infrastruktur obyektlərini dövlətin müvəqqəti idarəçiliyinə müsadirə etmək hüququ verilib. Bu isə Kremlin biznesə "öz başınızın çarəsinə baxın, bacarmırsınızsa əlinizdən alacağıq" mesajıdır.
Ukraynalı hərbi ekspert Leonid Şvets bildirir ki, "Ozon" və "Wildberries" anbarlarının vurulması təsadüfi seçim deyil. Burada əsas hədəf Rusiya əhalisinə və idarəedici elitalara müharibənin artıq onların qapısında olduğunu göstərməkdir: "Bu hücumların birinci yerində psixoloji və simvolik təsir durur. Sıravi rusiyalılar illərdir müharibəni televizorda izləyib, öz komfort zonasında yaşayırdılar. İndi isə o anbarların yanması, bağlamaların gecikməsi, yanacağın bahalaşması müharibənin nə olduğunu onlara fiziki olaraq hiss etdirir. Tüstü onların burnuna gəlir. Bu, Kremlin 'hər şey nəzarət altındadır' nağılını darmadağın edir".
Politoloq Dmitri Oreşkin vurğulayır ki, Vladimir Putinin bu hücumları şəxsən şərh etmək məcburiyyətində qalması onun üçün heç də əlverişli gediş deyil. Əvvəllər Putin yalnız geostrateji "qələbələrdən" danışır, ölkə daxilindəki uğursuzluqları və zərbələri yerli qubernatorların və ya Müdafiə Nazirliyinin üzərinə atırdı. İndi isə o, problemləri şəxsən etiraf etməyə məcburdur.
"Rusiyada uzun illərdir 'televizor' (dövlət təbliğatı) ilə 'soyuducu' (iqtisadi çətinliklər) arasında mübarizə gedirdi. İndi bu mübarizəyə 'benzin çəni' və yanan anbarlar da qoşuldu. Vətəndaşlar vergi ödəyir ki, dövlət onların təhlükəsizliyini təmin etsin. Amma dövlət bunu bacarmır. Əhalinin təşviş səviyyəsi rekord həddə çatıb, hakimiyyətə və təbliğata inam sürətlə düşür," - deyə Oreşkin bildirib.
Politoloqun fikrincə, Rusiyada müharibə əleyhinə olanların sayı artıq 30 milyon nəfəri ötüb. Sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər fonunda Kremlin cəmiyyət üzərindəki basqını daha da artacağı, eyni zamanda müharibənin gətirdiyi iqtisadi böhranın hakimiyyət daxilində gərginliyi pik həddə çatdıracağı gözlənilir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər