Ali məktəblərə yüksək ballarla qəbul olan gənclərin qarşısında tamamilə yeni bir mərhələ açılır. Universitet divarları arasında sadəcə diplom deyil, real həyatda və peşəkar fəaliyyətdə tətbiq olunacaq fundamental biliklər qazanmaq hər bir tələbənin əsas hədəfi olmalıdır.

Tanınmış maarifçi, fəlsəfə doktoru Etibar Əliyev ali məktəbə qəbul olan tələbələrə müraciət edərək, gələcəyin peşəkarı kimi formalaşmaq istəyən gənclərə dəyərli məsləhətlərini verib. 

"AzPolitika" həmin tövsiyələri təqdim edir:

"Auditoriya bilikləri ilə kifayətlənməyin: Universitet müəllimlərinin verdiyi biliklərlə məhdudlaşmayın, daimi olaraq yeni və alternativ ədəbiyyatlar axtarın.

Müəllimlərlə dialoq qurun: Müəllimlərin dərsi daha maraqlı və faydalı keçməsi üçün onlara suallar verməkdən çəkinməyin.

Xarici dilləri mənimsəyin: Əgər bir vaxtlar bizim nəsil yalnız rus dilində ədəbiyyatlar axtarırdısa, indi əsas mənbələr ingilis və alman dillərindədir. Elmi dilin öyrənilməsi üçün hər gün çalışın.

Anlayışlardan qorxmayın: Çətin görünən elmi terminlərin və anlayışların mənasını öyrəndikdən sonra onlarla işləmək sizin üçün çox rahat olacaq.

Elmi-populyar ədəbiyyat oxuyun: Belə kitablar idrakınızın sərhədlərini genişləndirəcək, dünyagörüşünüzü zənginləşdirəcək.

Ensiklopediya və lüğətlərdən istifadə edin: Müstəqil şəkildə ensiklopediya və lüğətlərdən yararlanmaq vərdişi formalaşdırın.

Kitabxana mədəniyyəti: Öyrənməyin ən yaxşı məkanı kitabxanadır. Dərslərə başlayan kimi universitet kitabxanasına üzv olun.

İxtisas çərçivəsindən kənara çıxın: Yalnız ixtisasınız üzrə oxumaq sizi yetkin mütəxəssis edə bilməz. Unutmayın ki, öyrənməyə sərf olunan zaman – qazanılmış zamandır.

Evdə öz kitabxananızı yaradın: Evinizdə şəxsi kitabxananızın olması və kitabların əhatəsində yaşamaq daimi olaraq oxumağa güclü motivasiya yaradır.

Rəqəmsal diqqət yayındırıcılardan qaçın: Dərs prosesində çoxfunksiyalı telefondan istifadə etməyin, bütün diqqətinizi müəllimə yönəldin.

Qarşılıqlı öyrənmə prinsipi: Sınanılmış üsuldur – müəllim də tələbəsindən öyrənə bilər. Əgər müəllimin hələ oxumadığı kitabı siz oxumusunuzsa, bu halda müzakirələrdə bərabərhüquqlu tərəfdaş olacaqsınız.

Bilgilərinizi bölüşün: Oxuduğunuz maraqlı kitablar barədə təəssüratlarınızı tələbə yoldaşlarınızla müzakirə edin, bu, ətrafınızdakıları da mütaliəyə cəlb edəcək.

Humanitar elmlərə yiyələnin: İxtisasınızdan asılı olmayaraq, "Fəlsəfə", "Psixologiya" və "Sosiologiya" elmlərini də öyrənin. Ən yaxşı ədəbiyyatların seçilməsi üçün mütəxəssislərlə məsləhətləşin.

Həmrəy olun: Universitetə daha aşağı nəticə ilə daxil olan tələbə yoldaşlarınıza dəstək olub onların yanında olun.

Şərait tələb edin: Universitetdə qazandığınız uğurları və təşəbbüslərinizi təqdim etmək üçün rəhbərlikdən müvafiq şərait yaradılmasını tələb edin.

Arzularınızla oyanın: Səhər tezdən zəngli saat yox, böyük arzularınız sizi yuxudan oyatmalıdır.

Zamanı qabaqlayın: Əgər siz bu gün addım atmasanız, sabah qaçmağa məcbur qalacaqsınız. Tənbəlliyə vaxt ayırmayın!

Tədqiqatçılıq vərdişləri qazanın: Universitet geniş biliklər qazanmaqla yanaşı, tədqiqat aparmaq bacarıqlarını formalaşdırmaq üçün əvəzsiz şansdır.

Düzgün əlaqələr qurun: Həyatın sonrakı mərhələlərində faydalı olan əlaqələr qurun. Düzgün seçilmiş universitet və sağlam dostluq mükəmməl karyera qurmağın təminatıdır.

Əgər siz universiteti bitirdikdən sonra hər yerdə və hər zaman balıq özünü suda hiss etdiyi kimi hiss etmək və cəmiyyətin dəyərli üzvü olmaq istəyirsinizsə, tənbəllik etməyə vaxtınız olmamalıdır! SİZDƏN ÇOX ŞEYLƏR GÖZLƏYİRİK. BİLİRİK Kİ, ÜMİDLƏRİMİZİ DOĞRULDACAQSINIZ..."

"AzPolitika.info"