Məhz Avrasiya İqtisadi İttifaqındakı(Aİİ) həmkarlarımız bizi Avropa İttifaqı ilə yaxınlaşmaya doğru itələyir. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Ruben Rubinyan yerli jurnalistlərlə söhbətində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin tənqidinə cavab verərkən deyib.

Onun sözlərinə görə, onlar daim Ermənistanın referendum keçirməli olduğunu deyirlər, lakin bu, yalnız məsələnin tam formalaşdırılması halında mümkündür. Rubinyan əlavə edib ki, lazımi əlavə addımlar atmadan referendum keçirmək sadəcə mümkün deyil: “Referendum yalnız Avropa İttifaqı üzvlüyünə müraciət etdiyimiz, müsbət cavab aldığımız və dəqiq bir vaxt cədvəli olduğu təqdirdə keçirilə bilər. Bu halların olmaması səbəbindən referendum hazırda mümkün deyil".

O, Ermənistan hakimiyyətinin həmişə səmimi olduğunu iddia edib. "Biz Rusiya ilə münasibətlərin pisləşməsinə yönəlmiş addımlar atmırıq. Əksinə, normal, dost münasibətlərimizin olmasını təmin etmək üçün hər şeyi etmişik və etməyə davam edirik", - deyə Ermənistan Parlamentinin sədri vurğulayıb.

Bu kontekstdə o, Ermənistan iqtisadi qurumlarına qarşı Aİİ məhdudiyyətlərini ədalətsiz və qeyri-mütənasib adlandırıb, çünki onlar Ermənistan-Rusiya münasibətlərinin ruhuna, xüsusən də Aİİ qaydalarına uyğun deyil: "Aİİ-in əsas məqsədi malların sərbəst və rüsumsuz hərəkətidir. Lakin hazırda de-fakto belə bir azadlıq yoxdur".

“AzPolitika.info”