“Hələlik Rusiyadan heç kim Robert Koçaryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu, mənasızdır”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq spikeri və hazıkı Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Koçaryanın həbsilə bağlı "Dojd" telekanalına şərhində deyib.
O əlavə edib ki, Koçaryanın və onun siyasi partiyasının ritorikası əsasən Moskvadakı "danışan başlar"ın səsləndirdiyi ritorika ilə üst-üstə düşür.
Simonyan Koçaryan klanına qarşı hüquq-mühafizə orqanlarının tədbirlərini Robert Koçaryanın oğlu Levon Koçaryanın parlamentdə Baş nazir Nikol Paşinyanla mübahisəsilə əlaqələndirmək cəhdlərini gülünc adlandırıb.
"Bu, mümkün deyil. Robert Koçaryanın və ailə üzvlərinin saxlanılmasına səbəb olan işlər uzun müddətdir ki, açılıb ", - deyə o, baş verənlərin siyasi təqib olduğunu inkar edib.
Xatırladaq ki, avqustun 24-də parlamentdə "Ermənistan" blokundan olan millət vəkili və Robert Koçaryanın oğlu Levonla Nikol Paşinyan arasında mübahisə baş vermişdi. Parlament kürsüsündən Paşinyan, onu xəyanətdə günahlandıran Koçaryan klanını bütün əmlaklarını müsadirə etməklə hədələmiş və onu övladlarına və nəvələrinə ötürə bilməyəcəklərini bildirmişdi.
“AzPolitika.info”

Şərhlər