Xəbər verdiyimiz kimi avqustun 27-də Sankt-Peterburq şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələrinin 332-ci əlahiddə qvardiya helikopter alayının polkovnik-leytenantı Sergey Seçkov həlak olub. Bu hərbi hissənin hərbçiləri Ukraynada müharibə cinayətlərində ittiham olunurdu və Seçkovun adı Ukraynanın "Mirotvoreç" bazasında yer alırdı.

Məlumata görə, 43 yaşlı podpolkovnik ölümündən əvvəl komandanlığa onun adının "öldürüləcək şəxslərin siyahısında" olduğunu bildiribmiş.

"Fontanka" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi xəbərə görə, sui-qəsdi 24 yaşlı Rusiya vətəndaşı olan bir qadın törədib. İddia olunur ki, Ukrayna xüsusi xidmət orqanları tərəfindən sosial şəbəkələr üzərindən ələ alınan qadın avtomobilə partlayıcı qurğunu yerləşdirdikdən dərhal sonra - avqustun 27-si səhər saatlarında İstanbul reysi ilə Türkiyəyə uçub.

Rusiya FTX-sı onun şəxsiyyətini müəyyənləşdirib Türkiyə tərəfi ilə əlaqə saxlayana qədər şübhəlinin artıq Kişinyova (Moldova) uçduğu və oradan Ukraynaya keçəcəyi bildirilir. Hadisə ilə bağlı Rusiya və Ukrayna rəsmiləri hələlik rəsmi şərh verməyiblər.

Rasim

“AzPolitika.info”