Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qəzanın bəzi təfərrüatları bəlli olub.
"AzPolitika" BAKU TV-yə istinadla xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Şıxakəran kənd sakini, 42 yaşlı Amid Məmmədovun idarə etdiyi mikroavtobus İranın Astara şəhər sakini Aydın Riyazinin sükanı arxasında olduğu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda sərnişin qismində olan iki nəfər - Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirov həyatlarını itiriblər.
48 yaşlı Gülnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır qiymətləndirilən yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Yük avtomobilinin sürücüsü qəzanın necə baş verdiyini belə izah edib:
"Hərəkətdə olanda maşınımdan səs gəldi. Dönmə işığını yandırdım ki, yavaş-yavaş maşını kənara çəkib saxlayım. Anidən mikroavtobus tormozsuz gəlib maşının altına girdi".


Şərhlər