Menu

“BU SAVAŞ 100 IL DAVAM EDƏ BİLƏR...” - “Danışıqlarda Türkiyə də iştirak etməlidir”

17.09.2026, 16:06
“BU SAVAŞ 100 IL DAVAM EDƏ BİLƏR...” - “Danışıqlarda Türkiyə də iştirak etməlidir”

Rusiyanın Ukraynaya qarşı müharibəsi 100 il davam edə bilər.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Fransanın sağçı Milli Birlik Partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen çıxış edib.

Le Pen “LCI” televiziya kanalında deyib: "Ya NATO bu müharibəyə girəcək və bu, III Dünya Müharibəsinə çevriləcək, ya da biz Yüzillik Müharibənin şahidi olacağıq".

O qeyd edib ki, Moskva ilə Kiyev arasındakı hərbi münaqişə artıq Birinci Dünya Müharibəsindən daha uzun müddətdir davam edir və ölənlərin sayı 2 milyona çatıb.

"Heç kim bu barədə danışmır. Bu, dəhşətlidir", - deyə Fransanın sağçı lideri vurğulayıb.

Le Pen münaqişənin həlli yollarını tapmaq məqsədilə müxtəlif ölkələrin iştirak etdiyi böyük bir konfrans keçirməyə çağırıb. O, Vladimir Putin və Volodimir Zelenski ilə şəxsən danışmaq istədiyini də bildirib. Le Pen həmçinin deyib ki, Almaniya, Polşa və Türkiyə də danışıqlar prosesində iştirak etməlidir. "İnanıram ki, Fransanın tarixi rolu məhz sülhə aparan danışıqlar üçün şərait yaratmaqdır", - deyə sağçı lider qeyd edib. Le Pen onu da əlavə edib ki, Fransa Ukraynaya hazırkı səviyyədə maliyyə yardımı göstərməyə davam edə bilməz. Bununla yanaşı o, Parisin Ukrayna əsgərlərini hazırlamağa və Kiyevi silahla təchiz etməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, Marin Le Pen dəfələrlə Fransa prezidentliyinə namizədliyini irəli sürüb. 2017 və 2022-ci illərdə o, ikinci tura vəsiqə qazansa da hər iki halda Emmanuel Makrona uduzub. Gələn il Le Pen dördüncü dəfə namizədliyini irəli sürmək niyyətindədir. Qeyd edək ki, Fransada prezident seçkilərinin gələn il 18 apreldə keçirilməsi gözlənilir.

Le Pen hazırda rəy sorğularında böyük fərqlə liderlik edir. Son nəticələrə görə, seçicilərin 33-34%-i ona səs verməyə hazırdır. Ən yaxın rəqiblər isə hazırda onun yarısı qədər - 16-18%- səs yığa bilirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol