Məişət tullantılarının yığılması və daşınması sadəcə abadlıq məsələsi deyil. Bu, əhalinin sağlamlığına, ətraf mühitin qorunmasına və yaşayış məntəqələrinin sanitariya vəziyyətinə birbaşa təsir göstərən ictimai xidmətdir.
Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, tullantıların toplanması, yığılması və daşınmasına ərazidən asılı olaraq kommunal təsərrüfat qurumları, yerli nümayəndəliklər və bələdiyyələr cavabdeh ola bilər.
Bələdiyyənin bu xidmətə görə ödəniş tələb etməsi özlüyündə qanunsuz hesab edilə bilməz. Lakin ödəniş tələbi hüquqi əsaslandırmaya və faktiki göstərilən xidmətə söykənməlidir.
Vətəndaşa bildirilməlidir ki, ödəniş hansı qərara əsasən müəyyən edilib, hansı dövr üçün hesablanıb, xidmət hansı qrafik üzrə göstərilir və yaranmış borc necə hesablanıb. Ödəniş qəbul edilərkən vətəndaşa müvafiq qəbz təqdim olunmalıdır.
Eyni zamanda, sakinlərin də məişət tullantılarını müəyyən edilmiş yerlərə və vaxtlarda atmaq, ərazini çirkləndirməmək və qanuni ödənişləri vaxtında ödəmək vəzifəsi var.
Lakin tullantı qablarının yerləşdirilmədiyi, tullantıların müntəzəm daşınmadığı və ya xidmətin faktiki göstərilmədiyi hallarda vətəndaşın izahat tələb etmək hüququ yaranır. Belə vəziyyətdə ödənişi özbaşına dayandırmaq əvəzinə, bələdiyyəyə yazılı müraciət edilməli, xidmətin göstərilmə qrafiki və hesablanmış borcun əsası tələb olunmalıdır.
Bakı şəhərində tullantıların yığılması və daşınması ayrıca səlahiyyət bölgüsü əsasında həyata keçirildiyindən, müraciət ediləcək qurum konkret ərazi üzrə düzgün müəyyənləşdirilməlidir.
Bu məsələdə qarşıdurmadan daha çox şəffaflığa ehtiyac var. Vətəndaş ödəniş öhdəliyini bilməli, bələdiyyə isə həmin ödəniş müqabilində görülən işi əsaslandıra bilməlidir.
Çünki ictimai xidmət yalnız pulun yığılması ilə deyil, xidmətin vaxtında və keyfiyyətlə göstərilməsi ilə tamamlanır.
Zaur Quliyev
Hüquqşünas | Mediator


Şərhlər