Menu

Tramp Zelenskidən bunu istədi - “Telefon danışığında dəfələrlə “dizel” sözü işlədilib”

21.09.2026, 12:04
Tramp Zelenskidən bunu istədi - “Telefon danışığında dəfələrlə “dizel” sözü işlədilib”

Sentyabrın 20-də Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp dəfələrlə Rusiya neft emalı zavodlarına hücumlara son qoyulmasını istəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbə “Axios”a məlumat verib.

Mənbə bildirib ki, "Zəng zamanı dəfələrlə “dizel” sözü işlədilib” və Tramp əlavə edib ki, hücumlar qlobal dizel yanacağının qiymətlərini artırır.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-də dizel yanacağının qiyməti 20 sentyabrda yeni rekord vurub və bir qallon(3.79 litr) üçün 6,49 dollara çatıb. Beləliklə də ölkədə dizelin qiyməti bir ildə təxminən iki dəfə artıb.

Daha əvvəl Donald Tramp “Fox News”a verdiyi açıqlamada bildirib ki, Zelenski Rusiya neft emalı zavodlarına hücumları dayandırmalıdır, çünki onlar dünya bazarında dizel çatışmazlığını daha da artırır. Tramp iddia edib ki, yanacaq təchizatı problemləri və bahalaşma ABŞ-nin İrana qarşı hərbi əməliyyatları ilə deyil, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır…

Xatırladaq ki, bir müddət əvvəl Tramp Ukraynanın Rusiyanın enerji obyektlərinə hücum etməməyə razı olduğunu açıqlamış və Rusiyanın da Ukrayna enerji infrastrukturuna hücum etməyəcəyinə əminlik verdiyini bildirmişdi. Lakin bunlar söz olaraq qalır və qarşılıqlı zərbələr davam edir.

Daha sonra Zelenski Rusiya rəhbərliyinə enerji atəşkəsinin bir hissəsi olaraq Ukrayna ordusunun zərbə endirməməli olduğu hədəflərin siyahısını "masaya qoymağı" təklif etdi. Kreml öz növbəsində enerji sektoruna zərbələrin dayandırılmasını "yaxşı fikir" adlandırdı, lakin neft emalı zavodlarının təhlükəsiz işləməsinin təmin edilməsinin çatışmazlığı aradan qaldırılmayacağını bildirdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etdi ki, "Əsas problem neft məhsullarının qlobal bazarlara çıxarılmasıdır". Onun dediyinə görə, bu problemlər Ukraynanın tankerlərə zərbələri və beynəlxalq sanksiyalardan qaynaqlanır.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələri Rusiya neft emalı zavodlarına 70 dəfədən çox zərbə endirib və bu zavodların bir neçəsini sıradan çıxarıb. Təkcə avqust ayında altı böyük neft emalı zavodu təmirə dayandırılıb. Bir sıra zavodlarının fəaliyyətinin dayandırılması səbəbindən Rusiyada neft emalı 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu da öz növbəsində ölkədə yanacaq çatışmazlığına, növbələrə və yanacağın xaricə satışına qadağa qoyulmasına səbəb olub.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol