Ötən gecə Samara vilayətindəki Kuybışev Neft Email Zavodu Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
“AzPoitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Vilayət qubernatoru Vyaçeslav Fedorişevin sözlərinə görə, 22 sentyabr gecəsi Samara bölgəsinə "onlarla" Ukrayna dron hücum edib. "Düşmən sənaye obyektlərini hədəfə alıb. Təəssüf ki, şəxsi evlər və avtomobillər də daxil olmaqla mülki obyektlərə ziyan dəyib", Fedorişev Telegram-da yazıb. O, hücum zamanı kiminsə xəsarət alıb-almadığını dəqiqləşdirməsə də, zərbələrin nəticələrinin foto və videolarının dərc olunmasının qadağan olunduğunu vurğulayıb.
“Astra” kanalı isə qeyd edir ki, Samaradakı dronların hədəfi Kuybışev Neft Emalı Zavodu olub və hücumdan sonra zavodda böyük yanğın baş verib. “Rosneft”-ə məxsus bu neft emalı zavodu regiondakı ən böyük zavodlardan biri hesab olunur. Onun nominal gücü ildə 7 milyon ton neft emalına çatır. Bundan əvvəl zavod bu ilin iyun ayında dronların hücumuna məruz qalıb və orada neft emalı dayandırılıb.
2026-cı ilin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələri Rusiya neft emalı zavodlarına 70 dəfədən çox zərbə endirib və onlarla zavodu sıradan çıxarıb. Təkcə avqust ayında altı böyük neft emalı zavodu təmirə bağlanıb. Bu da öz növbəsində ölkədə yanacaq çatışmazlığına və onun ixracının qadağan olunmasına səbəb olub.
ABŞ Prezidenti Donald Tramp isə bundan öncə bildirib ki, Ukraynanın davamlı hücumları Rusiya neft emalı zavodlarının əhəmiyyətli bir hissəsini sıradan çıxarıb və bu da Rusiyanın dizel yanacağı istehsalına "nəzarəti itirməsinə" səbəb olub. Ağ Ev rəhbəri Ukraynadakı müharibəyə son qoymağa çağırıb və bütün dünyanın bu təcavüzün nəticələrindən əziyyət çəkdiyini vurğulayıb.
Daha əvvəl isə Tramp dəfələrlə Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb. Zelenski öz növbəsində Kiyevin gərginliyin azalmasına hazır olduğunu, lakin Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasının Rusiyanın Ukraynanın enerji sektoruna və vacib infrastrukturuna hücumlarına son qoyulması ilə müşayiət olunmalı olduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər