Nüfuzlu “The Economist” nəşri Ukraynadakı müharibənin gedişatı ilə bağlı həcmli və xəbərdarlıq dolu geniş təhlil dərc edib. Həftələrlə Ukraynada olan jurnalist komandasının müşahidələrinə əsaslanan məqalədə bildirilir ki, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə prinsipial olaraq yeni və daha amansız — “total müharibə” mərhələsinə keçib.
“AzPolitika” təhlilin əsas məqamlarını təqdim edir:
Məqalədə vurğulanır ki, Moskva kütləvi hücum taktikasını dəyişərək daha sürətli və dağıdıcı silah sistemlərinə üstünlük verməyə başlayıb. Avqust ayının sonundan etibarən Rusiya reaktiv mühərrikli "Shahed" dronlarından kütləvi şəkildə istifadə edir. Bu dronlar və raket zərbələri cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərləri, xüsusən də Kiyevi yenidən birbaşa hədəfə çevirib.
Paytaxt Kiyevdə və digər böyük şəhərlərdə yanacaqdoldurma məntəqələri, dəmir yolu vağzalları, ticarət mərkəzləri, ofislər və yaşayış binaları mütəmadi olaraq vurulur. Hava hücumundan müdafiə (HHM) raketlərinin çatışmazlığı və yeni tipli PUA-ların sürəti səbəbindən Kiyev sakinləri cəbhə xəttinin yenidən öz şəhərlərinə yaxınlaşdığını hiss edirlər. Məqalədə qeyd olunur ki, şəhərlərdə sirena səsləri və hücum xəbərdarlıqları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, bəzi ailələr isə yenidən ölkənin daha təhlükəsiz qərb vilayətlərinə köçməyə məcbur olublar.
“The Economist” yazır ki, Rusiya tərəfi fiziki, psixoloji, iqtisadi və siyasi təzyiqləri eyni vaxtda artırır. Qanlı döyüşlərin davam etməsinə baxmayaraq, Rusiya böyük insani və texniki itkilər bahasına hərbi təzyiqi saxlamağa çalışır. Ukrayna ordusu cəbhəni saxlaya bilsə də, infrastrukturun və loqistikanın vurulması həm cəbhənin təchizatına, həm də əmək bazarına ciddi zərbə vurur. Enerji və nəqliyyat infrastrukturuna edilən kütləvi hücumlar Ukraynanı növbəti ağır qış mövsümü öncəsində ciddi sınaqla üz-üzə qoyur.
Nəşr diplomatik pərdəarxası məqamlara da toxunub. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı təmaslardan xəbərdar olan mənbələrə əsasən, yaxın həftələrdə tərəflərə məhdud texniki saziş layihəsi təqdim edilə bilər.
Hətta ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların oktyabrın əvvəlində Abu-Dabidə keçirilməsi imkanları müzakirə olunur. Lakin məqalə müəlliflərinin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin ən azı gələn ilin yazına qədər hücum əməliyyatlarını dayandırmağa razılıq verməyəcək.
Nəşr vurğulayır ki, Ukraynadakı müharibə Avropa təhlükəsizlik sistemini kökündən dəyişib. Ucuz və kütləvi şəkildə istehsal olunan PUA-ların ənənəvi HHM sistemlərini sıradan çıxara bildiyi aydın olub. Rusiyaya məxsus dronların zaman-zaman Şərqi Avropanın və Baltikyanı ölkələrin hava məkanını pozması NATO ölkələrini də müdafiə sənayesini təcili uyğunlaşdırmağa vaxt ayırmağa məcbur edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər