Cavid İsmayıl
Tarix üzrə fəlsəfə doktoru
Altay Göyüşov Bakı Dövlət Universitetində mənim müəllimim olub. “Türk xalqları tarixi” fənnini tədris edirdi. İnsafən, yaxşı müəllimlərdən sayılırdı, tələbələrin sevimlisi idi. Bu ortaboylu, qıyıqgözlü müəllimlə bizim kurs tələbələri arasında 11-12 yaş fərqi vardı, amma həm zahiri görkəmi, həm də rəftarı bunu heç hiss etdirməzdi.
Bakı ləhcəsində danışsa da, sonradan bildik ki, əslən ağdamlıdır və görkəmli Azərbaycan arxeoloqu, professor Rəşid Göyüşovun oğludur. Sovet dövründə milli düşüncəli ziyalılar övladlarına türk tarixi və coğrafiyasına aid adlar qoymaqla bir növ rejimə protest edərdilər. Görünür, Rəşid müəllim də belə etmişdi.
Universiteti bitirdikdən sonra Altay Göyüşovla yolumuz bir də Müsavat Partiyasının qərargahında kəsişdi. O, partiyanın fəal üzvlərindən biri, mən isə “Yeni Müsavat” qəzetinin redaktoru idim. Sonra ikimiz də o binadan getdik. Mən bir neçə iş yeri dəyişdim, Altay müəllimsə sonradan partiyaya çevriləcək “Real”ı seçdi, daha sonra oradan da getdi.
“Baku Research Institute” (Bakı Araşdırmalar İnstitutu) adlı sayt yaradanda tələbələrindən biri kimi sevinmişdim ki, Altay Göyüşov, nəhayət, siyasətdən uzaqlaşıb yenidən elmlə məşğul olacaq. Çünki tarixçi alim kimi bu yolla daha faydalı olacağını düşünmüşdüm. Obyektivlik naminə qeyd etmək lazımdır ki, saytda Azərbaycan tarixinin müxtəlif mərhələ və hadisələrinə dair iki dildə (Azərbaycan və ingilis) maraqlı yazılar dərc olunub.
Bu günlərdə isə dostlardan biri saytın ingilisdilli versiyasında erməni müəllifin Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı sərsəmləmələrlə dolu məqaləsinin dərc olunduğunu söylədi, üstəlik, təəssüflə əlavə etdi ki, saytın Azərbaycandilli bölməsində həmin məqalə tərcümə olunaraq yerləşdirilməyib. Təbii ki, mən də təəssüfləndim. Amma təəccübləndimmi? Xeyr. Çünki Altay Göyüşovun “Facebook” və “X” sosial şəbəkələrindəki hesablarını izləyən bir şəxs kimi bilirdim ki, müəllim “hər platformanın damarına baxıb qan alır”.
“Baku Research Institute”un saytında dərc edilən “Azərbaycanın ərazi bütövlüyünün dözülməz bədəli” adlı məqalənin müəllifi Viken Çeteriandır. O, Cenevrə Universitetinin və Cenevrədəki Vebster Universitetinin tarix və beynəlxalq münasibətlər üzrə müəllimidir. Məqalənin ilk cümlələri onun nə dərəcədə “obyektiv” olduğunu ortaya qoyur: “2023-cü il sentyabrın 19-da Azərbaycan ordusu de-fakto Dağlıq Qarabağ Respublikasının müdafiə mövqelərinə qarşı genişmiqyaslı hücuma başladı. Hücum üçün görünən hər hansı əsas yox idi, çünki Azərbaycan hakimiyyəti ilə Dağlıq Qarabağ rəhbərliyi arasında danışıqlar davam edirdi. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında da paralel danışıqlar aparılırdı. Bu hücumla Azərbaycan 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli sənəd də daxil olmaqla, əvvəlki çoxsaylı razılaşmaları pozdu”.
Əvvəla, beynəlxalq hüquqda “Dağlıq Qarabağ Respublikası” adlı dövlət heç vaxt olmayıb. Olsaydı, ilk növbədə Ermənistan Respublikası onun müstəqilliyini tanıyardı. 9 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağda baş verənləri Azərbaycanda təkcə tarixçilər yox, sıravi vətəndaşlar da bilir. Göstərilən müddət ərzində nə Ermənistan, nə də Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. 9 noyabr sazişinin əsas müddəası Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması idi. Çıxarıldımı? Altay müəllim də, mən də bilirik ki, çıxarılmadı. Çıxarılsaydı, Azərbaycan Ordusu 23 saata başa çatdırdığı antiterror əməliyyatı zamanı şiddətli müqavimətlə üzləşməz və 200 şəhid verməzdi.
“Sülhməramlı” Rusiya da Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmaması üçün əlindən gələni etdi. Münaqişənin uzanması, dinc əhali arasında çoxsaylı tələfatın olması və beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycanın günahkar duruma düşürülməsi məqsədilə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan Ermənistana qaçmış erməniləri evlərinə qaytardı, müharibədə zərər çəkmiş evlərin bərpası üçün əsgərlərinə taxta-şalbandan tutmuş şiferə qədər hər şey daşıtdırdı. Bütün bunlar azmış kimi, Rusiya sülhməramlı kontingentinə aid nəqliyyat vasitələrində Ermənistandan Qarabağa silah daşınması dəfələrlə xüsusi optik müşahidə cihazları vasitəsilə Azərbaycan tərəfindən ifşa olundu və AZTV-də nümayiş etdirildi.
Ortada bu qədər fakt varkən Viken Çeterianın “Hücumun başlanması üçün aşkar hərbi səbəb yox idi” fikri tipik erməni həyasızlığından başqa bir şey deyil.
Daha sonra müəllif yazır: “Ardınca XXI əsrin ən səmərəli etnik təmizləmələrindən biri baş verdi: bir neçə gün ərzində Dağlıq Qarabağın bütün etnik erməni əhalisi öz torpaqlarından didərgin salındı”. 2023-cü ildə baş verənlər etnik təmizləmə idisə, 1988-1994-cü illərdə azərbaycanlıların Ermənistan və Qarabağdakı dədə-baba yurdlarından didərgin salınması və öldürülməsi, Xocalıda baş verən soyqırımı necə adlandırılmalıdır? Qarlı qış gecəsində evlərindən ayaqyalın şəkildə qaçan Xocalı sakinləri ilə ev əşyalarını avtomobillərinə yükləyərək Ermənistana gedən Qarabağ erməniləri arasında necə bərabərlik işarəsi qoymaq olar?
Daha sonra Qarabağ münaqişəsinin tarixinə ekskurs edən müəllif bütün ermənilər kimi, 1988-ci ilin Sumqayıt hadisələrini xatırladır, amma nədənsə həmin hadisələrin təşkilatçısının Eduard Qriqoryan adlı erməni olduğunu yazmağı “unudur”.
Altay Göyüşov “Baku Research Institute”un saytında dərc edilən digər məqalələr kimi, bu məqaləni də Azərbaycan dilinə tərcümə etdirib yerləşdirsəydi, bəlkə də ajiotaj bu qədər olmayacaqdı. Bir neçə gündür cəmiyyətdə bununla bağlı müzakirələr gedir, Altay müəllimin onlara reaksiya verməməsi bir yana, nə özü, nə də başqa bir müəllif saytda Viken Çeteriana cavab məqaləsi ilə çıxış edib. Mən başa düşürəm, Avropa fondlarından qrant almağın başlıca şərti “sülh göyərçini” kimi görünməkdir. Amma necə olur ki, istənilən erməni quş kimi görünmək zərurəti halında belə tarixi faktları təhrif etməkdən çəkinmir, amma azərbaycanlılar bu platformalara daxil olan kimi kosmopolitliyi din halına gətirirlər?
Bu hadisəni mənə şahidlərdən biri danışıb. Daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun oğlu Laçın bizimlə eyni dövrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuyurmuş. Bir dəfə atasına güvənərək dəcəllik edir, Hüquq fakültəsinin əfsanəvi dekanı Məmmədxan Rəsulov Rövşən Cavadovu valideyn kimi universitetə dəvət edir və narazılığını bildirir. Nazir müavini dekanın otağından pəjmürdə halda çıxır, dəhlizdə onu gözləyən Laçına yaxınlaşıb bircə cümlə deyir: “Mən sənin adını Laçın qoydum ki, laçın kimi vüqarlı olasan. Bilsəydim, belə olacaqsan, adını Gorus qoyardım”.
Bir zamanların hörmətli müəllimlərindən biri olmuş Altay Göyüşov isə tələbələrini böyük təəssüf hissi ilə bu cümləni pıçıldamaq məcburiyyəti qarşısında qoyur: “Heyif Altaya da, müəllimə də...”


Şərhlər