Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tanıdılması və yerli müəlliflərin beynəlxalq oxucu auditoriyasına çıxması məsələsi zaman-zaman gündəmə gəlir. Əsərlərin xarici dillərə tərcümə olunmasına baxmayaraq, Azərbaycan yazıçılarının dünya ədəbi bazarında geniş tanınması hələ də məhduddur. Burada tərcümə keyfiyyəti, nəşriyyat siyasəti, xarici ədəbi festivallarda iştirak və müəlliflərin beynəlxalq səviyyədə təbliği kimi amillər mühüm rol oynayır.
Bəs Azərbaycan ədəbiyyatının xarici oxucuya çıxışını məhdudlaşdıran əsas səbəblər hansılardır? Yazıçıların beynəlxalq ədəbi bazara çıxması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”-ya açıqlamasında yazıçı Seyran Səxavət bildirib ki, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması vacib məsələlərdən biridir.
Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatı elə səviyyədə təqdim olunmalıdır ki, ölkəmiz neft və qazla yanaşı, ədəbiyyatı ilə də tanınsın: “Azərbaycan ədəbiyyatının dünya oxucusuna çıxışında əsas məsələlərdən biri keyfiyyətli tərcümədir. Onu tanıtmaq üçün Amerikanı yenidən kəşf etməyə, velosiped icad etməyə ehtiyac yoxdur. Dünya oxucusunun dizinin üstünə gedən yol dildən keçir, dünya dilindən. Azərbaycan dilində, üst-üstə götürəndə, təxminən 50 milyon insan danışır. Çin dilində isə milyardlarla insan danışır. Amma bütün dünyanın danışdığı bir dil var – ingilis dili. Bunun üçün yaxşı tərcüməçi lazımdır”.
Yazıçı qeyd edib ki, Azərbaycanda ingilis dilinə tərcümə edən şəxslər olsa da, onların bəzi tərcümələrini kifayət qədər uğurlu hesab etmir: “Mən ingilis dilini o dərəcədə bilməsəm də, bilirəm ki, onların tərcümələri çox sönük və zəifdir. Tərcümə ilə yalnız dil bilən deyil, həm də yazıçı istedadı olan insan məşğul olmalıdır. Çünki əsərin içindəki yükü, ruhu və mənanı əcnəbi oxucuya çatdırmaq çox çətindir”.
Yazıçı bu fikrini Xəlil Rzanın Robert Rojdestvenskinin “XXI əsrə məktub” poemasına etdiyi tərcümə ilə nümunələndirib: “Xəlil Rza əsəri sözbəsöz çevirmək əvəzinə, əvvəlcə poemanın ruhunu qavrayıb və daha sonra onu Azərbaycan dilində yenidən ifadə edib. Xəlil Rzadan soruşdum ki, bunu necə tərcümə etmisən? Axı bu, tərcüməyə oxşamır. Dedi ki, mən o poemanı iki-üç dəfə oxudum, poemanın ruhunu tutdum və təzədən yazdım. Məncə, əsl tərcümənin mahiyyəti də budur”.
S.Səxavət tərcümə prosesinin mürəkkəbliyini öz təcrübəsi ilə də əlaqələndirib. O bildirib ki, Şərqşünaslıq fakültəsinin fars dili tərcüməçiliyi şöbəsini bitirib, daha sonra SSRİ Müdafiə Nazirliyi xətti ilə tərcüməçi kimi çalışıb və iki il İranda fəaliyyət göstərib: “Tərcüməçilik sadəcə dil bilməkdən ibarət deyil. Bir var, sənə boş torpaq sahəsi verirlər, deyirlər, burada ev tik. Bir də var, hazır ev göstərirlər, deyirlər, bunu sök və başqa layihə üzrə yenidən tik. İkinci variant daha çətindir. Tərcümə də belədir. Hazır bir əsərin ruhunu, mənasını və bədii yükünü başqa dilə olduğu kimi çatdırmaq çox çətin sənətdir”.
Yazıçı bununla bağlı İranda işlədiyi dövrdə başına gələn hadisəni də xatırladıb. Onun sözlərinə görə, italyan filminin fars dilinə tərcüməsi zamanı bir ifadənin hərfi tərcüməsi tamaşaçıların gülüşünə səbəb olub: “İranda işləyəndə amfiteatrda oturub filmə baxırıq. İtalyan filmidir, fars dilindədir. Mən də şefim Qrişin Dmitri Nikolayeviçlə birlikdə baxıram. İtalyan filmləri dünya kinematoqrafiyasının zirvəsidir, əlçatmazdır. Deməli, kadr gedir. Bir cavan oğlan bir qızla öpüşür. Bir qoca italyan onların yanından keçir, şlyapasını qaldırır, sonra qoyur başına, salamlayır. Qoca deyir: “Xoşbaşı”. Yəni “könlünüz xoş olsun”. Bu hərfi tərcümədir. Və bütün salon gülür. Şef mənə deyir ki, nəyə gülürlər? Mən də istəyirəm gülüm. Birdən ağlıma gəldi. Dedim, o qoca italyan o öpüşən gənclərə, o oğlana deyib ki, “Priyatnava appetita!” Rusca bir sözdür, yəni “nuş olsun”. Sən qızı yeyirsən, bu da sənə deyir: “Nuş olsun”.
S.Səxavət hesab edir ki, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması üçün uzunmüddətli və sistemli kadr hazırlığına ehtiyac var. Onun fikrincə, istedadlı gənclər seçilməli, xarici dillər, xüsusilə ingilis dili üzrə peşəkar səviyyədə hazırlanmalı və xaricdə təhsil imkanları yaradılmalıdır:“Dil bilən, üstəlik istedadı olan kadrlar yetişdirmək lazımdır. Bunu etmək üçün, əgər bu gün başlasaq, minimum 15 il vaxt lazımdır. Belə istedadlı uşaqları, gəncləri yetişdirək. Ondan sonra Azərbaycan ədəbiyyatını dünya oxucusuna çıxarmaq haqqında fikirləşmək olar. Buna dəyər, çünki nəticə olacaq.
Azərbaycan ədəbiyyatında yetərincə dünyaya çıxası nəsr də, poeziya nümunələri var. Normal Azərbaycan oxucularının və qələm adamlarının hamısı bunu bilir. Gün o gün olsun ki, özümüzü dünyaya göstərə bilək, əsərlərimizi dünya oxucusuna çıxaraq. Onlar da görsünlər ki, Azərbaycanda neftdən, qazdan başqa dəyərli şeylər də varmış”.
Oğuz Ayvaz
"AzPolitika.info"


Şərhlər