Menu

Tramp Zelenskini Moskvaya göndərir? - Ukrayna Prezidentindən maraqlı reaksiya + VİDEO

26.09.2026, 12:03
Tramp Zelenskini Moskvaya göndərir? - Ukrayna Prezidentindən maraqlı reaksiya + VİDEO

Ötən gün “Bloomberg” agentliyi öz mənbələrinə istinadla məlumat yaymışdı ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi təklif edib. Agentliyin məlumatına görə, Tramp bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ukrayna lideri ilə görüş zamanı irəli sürüb. Lakin gözlənildiyi kimi, Zelenski bundan imtina edib və ona yaxın mənbələr Trampın təklifinin onu məyus etdiyini qeyd ediblər.

Ancaq bu gün məlum olur ki, Trampdan belə bir təklif ümumiyyətlə gəlməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” nəşri görüşdə iştirak edən Ukrayna rəsmilərinə istinadla məlumat yayıb. Onların sözlərinə görə, liderlər gələcək üçtərəfli danışıqları müzakirə ediblər və “Bloomberg”-in iddiasının əksinə olaraq, Zelenskinin Rusiya paytaxtına səfər etməsi təklifi qaldırılmayıb.

Bundan öncə Kiyev dəfələrlə Putin və Zelenski arasında neytral ərazidə təkbətək görüş keçirilməsini təklif edib. Rusiya tərəfi bu variantı daim rədd edib və bunu yalnız Moskvada baş tuta biləcəyində israr edib. Buna cavab olaraq Ukrayna hakimiyyəti belə bir təklifin absurdluğunu qeyd edib və Putinin Kiyevə gəlməsini təklif edib.

Sentyabrın ortalarında Zelenski dekabr ayında ABŞ-də keçiriləcək G20 sammiti çərçivəsində Putinlə görüşməyə hazır olduğunu açıqlayıb və Ukraynanın "çox yaxşı danışıqlar mövqeyində" olduğunu qeyd edib. Kreml, həmişəki kimi, bu təşəbbüsü də rədd edib və Dmitri Peskovun dili ilə Ukrayna Prezidentini yenidən Moskvaya gəlməyə dəvət edib.

Qeyd edək ki, bu arada Nyu-Yorkda rusiyalı jurnalistlər kənardan qışqıraraq, Zelenskiyə “Moskvaya nə vaxt gəlirsiniz” sualını veriblər. Zelenski isə cavabında ironik şəkildə “raketin üzərində” cavabını verib. Yəni, Rusiya paytaxtına yalnız “raketin üstündə” gələ biləcəyini bildirib. 

Onun bu reaksiyası sosial mediada müzakirələrə səbəb olub və istər Rusiyanın “Zelenski Moskvaya gəlsin” formasındakı təklifinin özü, istərsə də Ukrayna başçısının buna cavabı göstərir ki, tərəflər real sülh danışıqalrından hələ oldiuqca uzaqdırlar…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol