“Azərbaycanda əcinnə ovu aparılmaqdadır”
“Təhqiqat başlamamış, artıq dövlət sərhəd xidmətinə, digər dövlət qurumlarına təlimatlar göndərilir, mənim məcburi gətirilməyim tələb olunur”
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb. Bir neçə gün öncə Bakının Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesə hakim Məzahir Sadıqov sədrlik edir. Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır. Məhkəmə prosesinin yanvarın 13-də davam etdiriləcəyi gözlənilir.“Yeni Müsavat”a qısa müsahibəsində S.Osmanqızı bu məhkəmə, habelə barəsində açılan cinayət işindən danışıb:
- Sevinc xanım, öncə onu dəqiqləşdirim. Sizinlə bağlı açılan cinayət işinin nəylə bağlı olduğunu düşünürsüz?
- Bu cinayət işinin icraata götürülmə qaydası da, baş verdiyi vaxt da maraqlıdır. Belə bir təəssürat yaranır ki, tələm-tələsik cinayət işi açmaq sifarişi verilib. Təhqiqat başlamamış, artıq dövlət sərhəd xidmətinə, digər dövlət qurumlarına təlimatlar göndərilir, mənim məcburi gətirilməyim tələb olunur. Guya mən bank yarmışam, ya adam öldürmüşəm. Bu, çox təəssüf doğurur. Demokratik cəmiyyətdə fikir müxtəlifliyinə, peşəkar jurnalistika prinsiplərinə dözümlülük olmalıdır. Azad mətbuat nümayəndələrini susdurmaq üçün inzibati resurslardan istifadə etmək yolverilməzdir.
- Məqsəd sizin həbsinizə nail olmaqdır?
- Bu maddələr həbs qətimkan tədbiri də nəzərdə tuta bilir. İroniya burasındadır ki, mən özüm Böhtan maddəsinin bütün sivil ölkələrdə olduğu kimi, cinayət məcəlləsindən çıxarılmasının yorulmaz müdafiəçilərindən olmuşam. Gördüyünüz kimi, vətəndaş cəmiyyəti olaraq, itirdiklərimiz bizim tək-tək hər birimizin məğlubiyyətinə yol açır. Ona görə bu gün Azərbaycanda vətəndaş cəmiyyətinə, azad mətbuata vurulan ziyanı biz hələ sonralar öz üzərimizdə hiss edəcəyik.
-Siz niyə hökumətin hədəfinə çevrilmisiz?
- Heç kəs hədəf seçilməməlidir. Mən hər zaman öz peşə borcumu yerinə yetirmişəm.
- Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığınızla bağlı söhbətlər dolaşır. Buna ciddi yanaşırsız, yoxsa şayiə deyib, keçirsiz?
- Artıq neçə vaxtdır ki, Azərbaycanda əcinnə ovu aparılmaqdadır. Kim müstəqil rəyi ilə fərqlənirsə, ya casus çıxır, ya “nurçu” damğası vurulur, ya da dövlətə xəyanətdə ittiham olunur. Bu ittihamlar o qədər gülüncdür ki, el arasında heç kəs onları ciddi qəbul etmir. Düşünürlər, görəsən hansı dairələrin marağına toxunub. Bəla bu əcinnə ovunun siyasətə çevrilməsindədir. Rauf Mirqədirovu, Xədicə İsmayılovası və digər jurnalistləri həbsdə yatan ölkədə mətbuat azadlığından danışmaq çox çətindir.
- Sizə qarşı cinayət işinin keçmiş ərinizin əli ilə açılması sizə bir qadın kimi necə təsir edir?
- Əlbəttə, bu, Azərbaycan kişisinə layiq hərəkət deyil. Amma necə deyərlər, abır olmayanda rəqs etməyə nə var ki?
- Növbəti addımlarınız nə olacaq? Planlarınız nədir?
- Həyat öz qaynar axarı ilə davam edir. Azərbaycanda post-sovet dövründə azad fikir və mətbuatın inkişafına dair kitab üzərində işləyirəm. Bir neçə mətbuat orqanı, beyin mərkəzi üçün məqalələr yazıram. Övladlarımı böyüdürəm. Yaponlarda maraqlı bir təmizləmə üsulu var - evinizdə sizi yalnız xoşbəxt edən əşyaları saxlamaq, qalanları tullamaq... Mən bu üsulu həm də gördüyüm işlərə tətbiq etməyə çalışıram. Həyat zövq almadığınız işlərlə məşğul olmaq üçün çox qısadır. Həyat sizi xoşbəxt etməyən işlərlə məşğul olmaq üçün çox qısadır.

Şərhlər