Menu

İsmayıllı məhbuslarının məhkəməsi yenə təxirə salındı - Video

29.11.2013, 19:51
İsmayıllı məhbuslarının məhkəməsi yenə təxirə salındı - Video

Prosesdə hər şeydən çox hakimin "bunu aktlaşdırın" göstərişi səsləndi

Xəbər verildiyi kimi, bu gün saat 11:00–də Şəki Ağır Cinayətlər məhkəməsində hakim Rəşid Hüseynovun rəhbərliyi ilə İsmayıllı hadisələrinə görə həbs edilmiş Müsavat Partiyasının başqan müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu və ReAL təşkilatının sədri İlqar Məmmədovun, eləcə də bu iş üzrə mühakimə edilən digər şəxslərin məhkəmə prosesi başladı.

Məhkəmədə müdafiə tərəfindən 3 vəkil iştirak etmədiyinə görə bir neçə dəqiqəlik fasilə verərək onları gözlədilər. Daha sonra prosesə həmin vəkillər olmadan başlamağa qərar verildi. Hakim R. Hüseynov təqsirləndirilən şəxslərdən bir-bir ittiham aktını alıb- almadıqlarını soruşdu. Tofiq Yaqublu və İlqar Məmmədov hakimin suallarına ayağa qalxmadan cavab verdiklərinə görə hakim bunu məhkəməyə hörmətsizlik olduğunu deyərək, onların bu hərəkətlərinin aktlaşdırılmasını tələb etdi. T. Yaqublu hakimə burada hörmət olmadığını bildirdi: “Mən saxta ittihamlarla ittiham olunuram. Burada siz bizə hörmət qoymursunuz. Mən sizin heç bir sualınızı cavablandırmayacam”.

Daha sonra vəkil Nemət Kərimli T. Yaqublunun lazım olanda danışacağını bildirdi. Hakim R. Hüseynov N. Kərimlinin bu replikasının aktlaşdırılmasını istədi. N. Kərimli buna etiraz edərək replika hüququnun olduğunu bildirdi. Ancaq hakim vəkilin sözlərinə məhəl qoymadı.

Hakim təqsirləndirilən şəxslərdən onlara bu işə baxmalarına görə etirazı olub-olmadığını soruşdu.

T.Yaqublu işə baxan hakimlərə etirazı olduğunu bildirdi: “Mənim həbs qətimkan tədbiri haqda olan vəsatətimə düzgün baxılmayıb. Buna görə də mən hakimlərə etiraz edirəm”.

Daha sonra vəkil N. Kərimlinin məsləhəti ilə T.Yaqublu etirazını geri götürdü. Hakim təqsirləndirilənlərdən dövlət ittihamçısına etirazları olub-olmadığını soruşduqda İ.Məmmədov dövlət ittihamçılarına üzünü tutaraq onların hazırda cinayət törətdiklərini dedi: “Mən sizə deyirəm ki, xəbəriniz olsun. Siz hazırda cinayət törətməkdəsiniz. 26 cild yalan yazmısınız və bizi ittiham edirsiniz”.

Hakim R. Hüseynov İ. Məmmədovun sözünü kəsərək 26 yox, 28 cild olduğunu bildirərək məhkəmədə bütün bunlara aydınlıq gətiriləcəyini dedi.

Hakim təqsirləndirilən şəxslərə hüquqları barədə məlumat verərək hər şeyin qanuni aparıldığını dedikdə, T. Yaqublu Azərbaycanda qanunların olmadığını bildirdi. Hakim isə demək olar ki, T. Yaqublunun bütün dediyi sözləri kobud bir səs tonu ilə aktlaşdırılması göstərişini verdi. T. Yaqublu hakimə üzünü tutaraq hakimin onu hədələdiyini bildirdi: “Siz bu cür danışmaqla məni hədələyirsiniz. Siz bir sifət ekspresiyanıza baxın. Sizin sifət cizgiləriniz məni hədələyir. Bu məhkəmə yox, siyasi prosesdir”.

Hakim yenə də T. Yaqublunun dediklərinin aktlaşdırılmasını tələb etdi. Daha sonra hakim zərərçəkmişlər Fərəc Əzizov, Vəkil Xələfov, Rəşad Əhmədov, Soltanzadə Valeh, Şəmdilov Emil arxa sıralardan ön sırada oturmağa çağırdı, valideynlərə isə arxa sıralarda oturmaq göstərişi verdi.

Hakim R. Hüseynov məhkəmənin 4 noyabr tarixində İ. Məmmədovun onun qanuni göstərişlərinə tabe olmadığını xatırladaraq akt tərtib olunduğunu və həmin aktın cinayət materiallarına əlavə olunduğunu qeyd etdi. R. Hüseynov 4 noyabr tarixli məhkəmədə İ. Məmmədovun dediyi sözləri xatırlatdı: “Siz demişdiniz ki, Azərbaycan hakimiyyəti cinayətkar hakimiyyətdir. Hakimiyyətdə bölgü yoxdur. Burada quldurluq, özbaşınalıq var”.

İ. Məmmədov etiraz edərək quldur sözünü işlətmədiyini bildirdi: “ Deyilənlərin hamısı mənə aiddir. Ancaq mən orada quldur ifadəsi işlətməmişəm. Bu mənim sözüm deyil. Mən ümumiyyətlə quldur sözünü işlədən deyiləm”.

İ. Məmmədovun vəkili Fuad Ağayev sübutların siyahısı və təqdimi haqda vəsatət verdi. Hakim R. Hüseynov saat 14:30-dək nahar fasiləsi elan edərək bütün vəsatətlərə fasilədən sonra baxılacağını bildirdi.

Fasilədən sonra davam edən məhkəməyə prosesi işıqlandıran yeganə jurnalisti məhkəməyə buraxmayıblar.

Məhkəmə dekabrın 10-u saat 11-ə təxirə salınıb.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol