"Təbii resursların ixracından əldə olunan xarici valyuta keçən əsrin yetmişinci illərində Hollandiya üçün əsl bədbəxtçiliyə çevrilmişdi. Hazırda bazar iqtisadiyyatının özü belə bir sual verir ki, Rusiya "Holland xəstəliyi" adlanan sindromdan əziyyət çəkəcəkmi? Bu xəstəlik təkcə Rusiyanı deyil, həmçinin iri həcmdə neft hasil edən digər ölkələrə də ziyan vuraraq, investorları dərin depressiyaya salacaq." Yaponiyanın populyar "Nikkei" dərgisinin məqaləsində belə deyilir.
Neftin qiymətinin düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalar təbii xammal resurslarının satışından əldə olunan qazancdan asılı olan Rusiya iqtisadiyyatına ikiqat zərbə endirib. Yaponiyanın ”Xarici Ticarətin İnkişaf Etdirilməsi Təşkilatı”nın məlumatına əsasən, Rusiya ixracatının 70%-dən çoxu mineral məhsullarının payına düşür.
2014-cü ilin sonunda ABŞ-ın “Pacific İnvestment Manegement Company”(PİMCO) şirkətinin illik ümumi investisiya həcmi 2,6 milyard dollar olub və bunun da 22%-i Rusiya istiqrazlarına qoyulub. Keçən ay “The Wall Street Journal” qəzeti məlumat vermişdi ki, rublun sürətlə dəyərdən düşməsi nəticəsində Rusiya istiqrazlarına qoyulan investisiyalar itkiyə məruz qalıb. Bank və maliyyə sahəsi üzrə güclü konqlomerat birliyi olan ”BNP Paribas” fondunun məlumatına görə, 2013-cü ildə Rusiya valyuta ehtiyatları qısamüddətli borcların ödənilməsini 500% üstələyirdi. Lakin rublun kəskin düşməsinin qarşısının alınması tədbirləri nəticəsində Rusiya valyuta ehtiyatları xeyli azalsa da, hələlik onların öz borc hesablarını qapatmaq üçün müəyyən vəsatləri qalmaqdadır. Elə ona görə də, maliyyə bazarında Rusiya Federasiyasının defoltla üzləşməyəcəyi fikri geniş yayılıb. Yəqin elə məhz bu səbəbdən də “PİMCO” Rusiya istiqrazlarına sərmayə qoymaqda davam edir.
Amma bu proqnozların əksinə olaraq, “Marusan Securities” maliyyə xidmətləri şirkətinin eksperti Seydzi Adati həmin məsələ ilə əlaqədar bir o qədər də optimist görünmür. Onun fikrinə görə əgər biz Rusiyada baş vermiş defoltların tarixinə diqqətlə nəzər yetirsək, onların hamısı heç də maliyyə çatışmamazlığı ucbatından deyil, ölkənin milli valyutasının dəyərsizləşməsi və ya infliyasiyanın böyüməsi nəticəsində hökumətin xarici borcları qaytarmaqdan imtina etməsi ilə bağlı olub. Seyidzi Adati bildirir ki, Rusiya istiqrazlarına investisiya qoyulması çox təhlükəlidir.
Harvard Universitetinin iqtisadçıları Karmen Reynxart və Kennet Roqov isə qeyd edirlər ki, XIX əsrdən bu tərəfə Rusiyada beş defolt hadisəsi baş verib. "Holland xəstəliyi" təkcə Rusiya üçün təhlükəli deyil. ”Foreign Affairs” jurnalının yanvar nəşrində risklərin idarə olunması sahəsi üzrə Nyu-York Universitetinin politexnik fakültəsinin professoru Nassim Taleb və ABŞ Milli kəşfiyyat şurasının sədri Qreqori Treverton xüsusi olaraq qeyd ediblər ki, Rusiyadan başqa Səudiyyə Ərəbistanı, Venesuela və Brazilya da belə bir risklə qarşı-qarşıyadırlar. Bu ölkələrin iqtisadiyyatları bir tərəfli inkişaf edib və onların sənaye sahəsi şaxələnməyib. Avtomobil ixracından güclü şəkildə asılı olduğuna görə Yaponiyada bu siyahıya düşüb. Böyük ehtimalla, əgər ABŞ maliyyə bazarına kredit məhdudiyyəti gətirərsə, onda bu ölkələrdən güclü kapital axını başlayacaq və dünya iqtisadiyyatının indiki zəifliyindən əziyyət çəkən investorlar üçün çətin günlər başlayacaq.
V.Nəsibov


Şərhlər