“Məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verilir”. Bu fikirləri Ali Məhkəmənin Cinayət Işləri Kollegiyasının sədri Şahin Yusifov deyib.O "azadlıq.info"-ya bildirib ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: “Məhkəmələr prokurorluğun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir.
Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Zeynalovun da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli Insanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.ÿ
Kollegiya sədri qeyd edib ki, işi obyektiv araşdırmaq lazımdır. “Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir”.
Göründüyü kimi, Avropa Məhkəməsinin hakimiyyəti ifşa edən qərarları meydana çıxanda bütün günahlar hakimlərin üzərinə atılır. Əli Insanovla bağlı qərara görə də Kollegiya sədri hakimlərə barmaq silkələyib.
Əli Insanovun vəkili Toğrul Babayev hesab edir ki, Əli Insanovun işində siyasi hakimiyyətin müdaxiləsi var və hakimlər həlledici qüvvə deyil: “Tutalım birinci instansiya məhkəməsinin hakimi səhv qərar verib. Bəs bu işə baxan Apelyasiya Məhkəməsi, Ali Məhkəmə niyə bu səhvi görmədi? Burda hakimlərdən söhbət getmir və onlar aldıqları sifarişi yerinə yetirir. Hakimlərin kifayət qədər savadı var və bütün işlərin mahiyyətindən xəbərdardılar. Sadəcə olaraq qərarlar çıxaranda müəyyən təsirlərlə üzləşirlər və bu təsirə uyğun olaraq qərar verilir. Əli Insanovun işində də siyasi hakimiyyətin təsiri danılmazdı və bu məhkəmələr tapşırıqla həyata keçirilir”.


Şərhlər