Menu

Özlərini toxunulmaz hesab edənlər

04.02.2015, 20:03
Özlərini toxunulmaz hesab edənlər

Nurəddin İsmayıl

Demokratik ölkələrdə yuxarı eşalona daxil olan, yüksək vəzifə daşıyan, dövlət rəsmisi statusunda olan şəxslər qanunların qorunması, qanunlara əməl edilməsi baxımından öz hərəkətlərində sıravi vətəndaşlara örnək olan jestlər nümayiş etdirirlər. Və yaxud qoyulan qanunları pozduğu halda ona tətbiq edilən cəriməni və ya cəzanı ödəməkdən yayınmır. Keçən yazımızda ABŞ dövlət katibi C.Kerrinin evinin qarşısında yığılan qarı təmizləmədiyinə görə ona kəsilən əlli dollar məbləğində cəriməni ödəməsini örnək olaraq göstərmişdik. Demokratik ölkələrin timsalında bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar.

Bizdə belə bir fikir formalaşıb ki, qanunlar ancaq aşağılara aiddir və yalnız onlar qanunların qorunmasında məsuldurlar. Komfort həyat tərzinə yiyələnmiş biriləri elə düşünür ki, əsgər borcunu yalnız kasıblar yerinə yetirməli, məhkəmənin ədalətsiz qərarına yalnız sıravi insanlar tuş gəlməli, polis zorakılığana yalnız arxası olmayan kimsələr məruz qoyulmalı, müxtəlif adlarla işlədiyi yerlərdə ixtisara düşmək yalnız kimsəsiz binəsiblərə şamil edilməlidir. Özlərini toxunulmaz hesab edənlər bilməlidir ki, Allah və qanun qarşısında hər kəs bərabərdir və hər kəsin qanunla müəyyənləşən hüquq və vəzifələri konstitusiya ilə təsbit edilmişdir.

Əksər dövlət rəsmiləri o qədər ərköyünləşib ki, vəzifə borcunu yerinə yetirən yol polisinin onu saxlayıb sənəd tələb etməsini heyrətlə qarşılayır və ya özünə sığışdırmaq istəmir. Milli vəkili E.İbrahimov onun maşınını saxladıqlarına, onu tanımadıqlarına görə yol polisini nəinki qınaq obyektinə çevirir, hətta bir az da qabağa gedərək onları “dana”lar deyə təhqir etməkdən çəkinmir. Sual oluna bilər ki, nə üçün məhz millət vəkilinin maşının saxlayanda polisin ədalətsiz olması onun yadına düşür. Bəs axırıncı qəpik-quruşunu yanacağa verib yola çıxan adi insanlara qarşı bəzi yol polisləri tərəfindən kobudluq ediləndə, ağına-bozuna, varlı və kasıb olmasına baxmayaraq belinə cərimələr yükləyəndə polisin ədalətsiz olması onun yadına düşmür?

Digər tərəfdən vətəndaşları adam yerinə qoymayan, haqqını tapdalayan, onları intihar həddinə gətirən harınlamış məmurların qanunsuz hərəkətləri nə üçün millət vəkillərinin diqqətini çəkmir? Niyə bir dəfə də olsun Ziya Məmmədovun qoçularının çörək puluna çıxan taksi sürücülərini vəhşicəsinə döyməsi, niyə həbsxanlarda məhbuslara işgəncə verdirən həbsxana rəislərinin qanunsuz əməlləri, niyə sosial tələblərlə etiraz aksiyasına çıxan vətəndaşların polislər tərəfindən qəddarcasına döyülüməsi, niyə vergi nazirliyi əməkdaşlarının adi iş damından tutmuş iri biznes sahiblərinə qədər vergidən kənar onların üzərinə yüklədiyi qeyri-qanuni ödənişlər, niyə dövlət neft şirkətində işləyən milli kadrlara nisbətdə xarici vətəndaşların on qat üstün əmək haqqı almasına hesablanan ikili standartların hökm sürməsi millət vəkillərinin diqqətini cəlb etmir, görəvini yerinə yetirən polisin ondan sənəd tələb etməsi bu qədər narahatlıq doğurur?

Millət vəkili qanunverici hakimiyyətin təmsilçisidir və qanunların qorunmasında, tətbiqində başqalarına örnək olmalıdır. Yol polisi nə etməlidir. Naziri saxlamasın, məmuru saxlamasın, prezident aparatı əməkdaşlarını saxlamasın, millət vəkilini saxlamasın, hüquq mühafizə orqanları işçilərini saxlamasın, bəs kimi saxlasın? Nə vaxta qədər Azərbaycanda qanunlara yanaşmada ikili standartlar hökm sürməlidir. Özünü qanunlara tabe etdirmək ən gözəl mədəniyyət nümunəsidir. Bizdə siyasi mədəniyyət formalaşmadığına, qanunlara sayqı olmadığına görə hər kəs qanunun ona tətbiq edilməsindəın əndişə duyur və özünü cəmiyyətin fövqündə qoyaraq qanunların ona aid olmadığını dolayı yolla sübut etmək istəyir. Bu hal isə yol verilməzdir və cəmiyyətdə birmənalı qarşılanmır.

Gəlin ayır-buyur siyasətindən, ikili yanaşmalardan, imtiyaz və üstünlükləri qabartmaqdan, vətəndaşlarımıza ikili standartlar prizmasından baxmaqdan əl götürək, əl-ələ verib nizamlı və ədalətli cəmiyyət uğrunda mübarizəmizi davam etdirək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol