Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Fransua Ollandın Ukraynanın şərqində yenidən şiddətlənmiş müharibəni dayandırmaq üçün ötən həftə başlatdıqları qəfil sülh missiyası gözlənilən nəticəni verməyib.
Hərbi əməliyyatlar daha da şiddətlənib. Separatçılar Donetsk vilayətinin Debaltsovo rayonu istiqamətində mühasirə həlqəsini qapatdıqlarını və Ukrayna ordusunun 10 minlik qruplaşmasını “katyol”a saldıqlarını elan ediblər.
Ukrayna Müdafiə Nazirliyi bu məlumatı hələlik təsdiqləməsə də Debaltsovo istiqamətində vəziyyətin gərgin olduğunu bildirib. Eyni zamanda bu gün səhərdən könüllülərdən ibarət “Azov” polku Mariupol istiqamətindən əks hücuma keçərək ötən ilin avqustunda itirilmiş Novoazovsk şəhərini geri qaytarmaq üçün irəliləyir.

Fevralın 12-də Minskdə Ukrayna üzrə təmas qrupunun toplanmasına dair ilkin razılaşma var, lakin danışıqlarda irəliləyiş əldə olunduğunu göstərən heç bir əlamət yoxdur. Almaniya və Fransa liderlərinin sülh planının detalları məlum olmasa da təxmin edilir ki, orada Ukrayna üçün ağır kompromislər yer alır. Əks halda Rusiyanı sülhə razı salmaq qeyri-mümkün olardı. Çünki hazırda Donbasda Rusiyadan dəstəklənən separatçılar Ukrayna ordusunu sıxışdırmaqda davam edirlər və yeni ərazilər ələ keçirirlər.

Kansler Merkel isə fevralın 9-da Vaşinqtonda prezident Barak Obama ilə görüşüb, ancaq bu görüşdə Ukrayna dair sülh planı haqda ürəkaçan heç nə deyilməyib. Əksinə, Obama Rusiyaya qarşı sərt ritorikadan istifadə edib və Ukraynaya silah verilməsinin “nəzərdən keçirilə biləcəyini” deyib. Həmçinin Merkellə Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb.

Ötən gün Misirə səfərə yola düşən Rusiya prezidenti Vladimir Putin isə Ukraynaya dair mövqeyinin yumşalmadığını nümayiş etdirib. Putin bu münaqişəyə görə növbəti dəfə ABŞ-ı və Qərb ölkələrini qınayıb. Deyib ki, Qərb Ukraynadakı vəziyyətə müdaxilə etməyi dayandırmayınca bu münaqişə nizamlana bilməz.

Lakin Qərbin Rusiyaya qarşı hərbi rıçaqlardan istifadəsinin mümkünlüyü əvvəlki kimi istisnadır. Hazırda ən çox müzakirə edilən məsələ Ukraynaya silah və hərbi texnika verilməsi barədədir. Və bu məsələ ətrafında Qərbdə ciddi parçalanma müşahidə olunur. Sərt xətt tərəfdarları Ukraynanın şərqində qüvvələr balansını dəyişdirmək üçün Kiyevə silah verilməsinə çağırırlar. Lakin əksəriyyət bu fikirdədir ki, silah verilməsi qüvvələr balansını dəyişmək üçün kifayət deyil, əksinə, bu Rusiyanı daha da qızışdıracaq və Donbasa əlavə qüvvələr yeritməsinə səbəb olacaq.
Digər tərəfdən, seçilmiş hökumətlər tərəfindən idarə olunan NATO ölkələrində silah verilməsinə dair qərarın qəbulu elə də asan məsələ deyil, bu, çoxsaylı bürokratik əngəlləri aşmağı və konsensus əldə etməyi tələb edir. Nəticədə NATO, yaxud Avropa İtttifaqı Ukraynaya silah verilməsini qərara alsalardı belə bunu həyata keçirmək üçün xeyli vaxt tələb olunacaqdı. O vaxta qədər isə Ukraynanın şərqində vəziyyət daha da pisləşəcək.

Müstəqil mənbələr isə bildirir ki, fevralın 9-da separatçılar doğrudan da hücum edərək Ukrayna ordusunu bir neçə kilometr geri oturdub, nəticədə Debaltsovo ətrafında vəziyyət daha da ağırlaşıb.
Əgər separatçılar bu mühasirə həlqəsini Minsk toplantısına qədər tam qapatmağa nail olsalar, o zaman danışıqlar masasında Ukrayna daha ağır şərtlərlə qarşılaşmalı olacaq.(virtualaz.org)


Şərhlər