“İstənilən yoxsullaşma, sosial-iqtisadi depressiya radikal meylləri artırır”
Mərkəzi Bankın fevralın 21-də valyuta məzənnələrində dəyişikliklər edərək dollarının rəsmi kursunu 1.05 AZN səviyyəsində müəyyən etməsi ölkədə bahalaşma şoku yaradıb. Artıq Bakının bir çox dükanlarında əsasən idxal mallarında bahalaşma qeydə alınıb. Doğrudur, hökumət süni bahalaşmanın qarşısının alınacağını bildirib, ancaq o da məlumdur ki, manatın 34 faiz dəyərdən düşməsi idxal olunan məhsulların qiymətlərinə təsir edəcək. Bir sıra mütəxəssislər isə bahalaşmanı 30 faiz civarında hesbalayır.
Bahalaşma eyni zamanda ölkə əhalisi arasında kasıblıq həddinin yüksəlməsinə səbəb olacaq. Hələlik ekspertlər illik 14 faiz infliyasiya proqnozlaşdırırlar. Lakin bütün bunlar ilkin rəylərdir, qarşıdakı günlərdə mövzu ilə bağlı vəziyyət bir qədər də aydınlanacaq. Eyni zamanda iqtisadi inlfiyasiya özü ilə bahalaşma, kasıblıq və digər sosial problemləri də gətirir. İnfliyasiyanın və artan kasıblığın gətirdiyi daha bir fəlakət isə radikalizmin, xüsusən də dini radikalizmin genişlənməsidir. Azərbaycanda bir sıra dini cərəyanlar bütün dünyada olduğu kimi, məhz sosial-istiqadi vəziyyətin ağır olduğu, kasıblıq həddinin yüksək olduğu dövrdə kök salıb. Sınaqdan çıxmış təcrübəyə əsasən kasıblığın geniş yayıldığı ölkələrdə missioner qruplar, radikal dini təşkilatlar daha da geniş yayılır. Çünki birincisi, bu cür qruplar öz ətrafına insanları cəlb etmək üçün maddi şirnikləndirmə vasitələrindən geniş faydalanır. İkincisi isə əhalinin sosial vəziyyətinin aşağı düşməsi, kütləvi kasıblıq, ümidsizlik insanları daha çox bu cür radikal çağırışlar edən qruplara cəlb edir.

Politoloq deyir ki, manatın birdən birə bu qədər dəyərdən düşməsi bahalaşmanı labüd edir: “Çünki gündəlik tələbat mallarının böyük əksəriyyəti idxal məhsullardır. Çünki zamanında həmin bu idxalçı monopoliyalar – hansı ki, hakimiyyət rəsmilərinin nəzarətindədir – imkan vermədilər ki, orta və kiçik sahibkarlıq inkişaf eləsin, əksinə, bu təbəqə sıradan çıxarıldı. Bunlar isə əsasən xidmət və gündəlik tələbat mallarının istehsalı sahəsində məşğul olan qrup idi. Əhalinin ciddi bir hissəsi yalnız gündəlik tələbat mallarına işləyirdi, yəni özünü ərzaqla təmin etməyə və zəruri malları almağa gücü çatırdı. Ölkə rəhbəri bu hissənin əhalinin 5 faiz olduğunu deyirdi, hesab edək ki, elə belə idi. Ancaq bu bahalaşmadan təxminən 6 ay sonra etiraf etməli olacaqlar ki, yoxsullq həddi ən azı 20 faizə çatıb. Bu isə Azərbaycanın real əhalisinin hardasa 1 milyon 600 min nəfəri deməkdir. Yəni ölkədə yeni bir yoxsul kütlə əmələ gəlir. Şübhəsiz ki, bunların arasından radikal cərəyanlara qoşulanlar mütləq olacaq. Bunun üçünsə son illər aparılan siyasət bütün zəruri şərtləri yaradıb. Vətəndaş cəmiyyəti sıradan çıxarılıb, pis-yaxşı demokratik sayıla biləcək müxalifət sıradan çıxarılıb və meydan boşdur. Və siyasətdə boş qalan meydanı adətən çox sürətlə radikallar tutur. Radikalların meydan tutmasının bir çox əlamətləri var : mənə elə gəlir ki, Suriyada döyüşən azərbaycanlıları nəzərə alsaq təkcə bu fakt kifayət edir. İstisna etmirəm ki, bu prosesin sponsorları bunu nəzərə alırlar və indiki şəraitdə, eləcə də bundan sonra daha ciddi şəkildə öz mövqelərini gücləndirməyə çalışacaqlar. Daha çox resurs və diqqət ayrılacaq, bu proses qaçılmaz olacaq”.(musavat.com)

Şərhlər