Menu

"Azərbaycanı çağırırıq ki, beynəlxalq öhdəliklərə sayğı göstərsin"- Avropa Birliyinin komissarı

09.12.2013, 21:27
"Azərbaycanı çağırırıq ki, beynəlxalq öhdəliklərə sayğı göstərsin"- Avropa Birliyinin komissarı

Ştefan Füle Azərbaycanda korrupsiya, seçkilər və mətbuat azadlığından danışdı

“Biz Azərbaycanı çağırırıq ki, fundamental insan azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sayğı göstərsin. Mətbuat, birləşmək, toplaşmaq azadlığı kimi sahələrdə hələ görüləsi çox iş var”.

Bunu Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Füle bildirib – Brüsseldə Avropa Birliyi-Azərbaycan əməkdaşlıq şurasının 14-cü iclasından sonrakı mətbuat konfransında.

Füle qeyd edib ki, seçki məcəlləsini ATƏT-in Demokratik İslahatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə uyğunlaşdırmaq mühümdür: “Bunu tez etməyə ehtiyac var ki, Azərbaycan gələn ilki bələdiyyə və 2015-ci ildəki parlament seçkilərinin azad və ədalətli keçməsini təmin edə bilsin. Korrusiyaya qarşı mübarizə sahəsində də işlərin görülməsi vacibdir. Azərbaycan bütün bu sahələrdə Avropa Birliyinin dəstəyinə ümid edə bilər”.

Füle-nin sözlərinə görə, AB Azərbaycanla əməkdaşlığı sıxlaşdırmaqdan məmnundur: “Əməkdaşlığımız məhsuldardır. Bundan ötrü Vilnüsdakı Şərq Tərəfdaşlıq Sammitinin nəticəsinə, viza sadələşməsi haqda anlaşma altındakı imzaya baxmaq yetər. Bu, insanlar arasında kontaktları artıracaq. Bu çox mühüm elementdir. Biz əməkdaşlığı bütün sahələrdə genişləndirmək istəyirik. Assosiasiya razılaşması, eləcə də strateji modernizasiya üzrə tərəfdaşlıq yönündə danışıqlar davam edir. Biz danışıqların sürətinin artmasını istərdik. Bunun üçün biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul istiqamətində işləri sürətləndirməsini arzulayırıq. Bu, Avropa Birliyi ilə ticarətin genişləndirilməsi üçün qoyulmuş şərtdir. Həmçinin son nəticədə azad ticarət zonasının yaradılması baxımından”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol