Azər Mehtiyev: «Qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə «inflyasiya vergisi»ni də nəzərə almaq lazımdır»
Rövşən Ağayev: «Maaş, təqaüdlər artmayacaqsa, əhalinin sosial vəziyyəti kəskin şəkildə pisləşə bilər»
Manatın dollar və avroya nisbətən kəskin ucuzlaşması büdcə problemini həll edə biləcəkmi? Məlumdur ki, icmal büdcədə böyük həcmdə kəsir proqnozlaşdırılıb. Neftin qiyməti yüksəlməyəcəyi təqdirdə yalnız Dövlət Neft Fondunun kəsirinin 5-6 milyard dollara çatacağı gözlənilir. Fondun valyuta məzənnələrinin dəyişməsi nəticəsində
yaranan zərəri isə 1,6 milyard manatı haqlayıb. Manatın məzənnəsinin aşağı düşməsi Dövlət Neft Fondu və dövlət büdcəsində yaranacaq kəsir problemini necə həll edə bilər?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev sosial şəbəkədə şərhində bildirir ki, 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfert edilməsi nəzərdə tutulub: "Büdcə qəbul edilən zaman mövcud olan kursla bunun üçün təqribən 13 milyard 318 milyon dollar lazım idi. Bu günki kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollar. Bircə addımla bu qədər "qabağa düşdülər". İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər.
Buna qiymətlərin qalxması və infilyasiya hesabına əldə ediləcək əlavə "infilyasiya vergisini" də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması. Yerli istehsalın inkişafına bu cür nail olacaqlar".
İqtisadçı-ekspert Rövşən Ağayev də "Bizim Yol"a bildirdi ki, bunu təhlil etmək üçün bir neçə istiqamətdən kompleks şəkildə yanaşmaq lazımdır: "Burada manatın məzənnəsi və neftin qiymətindən çox şey asılıdır. Kəsiri örtmək üçün ssenarilərdən biri budur ki, hökumət investisiya xərclərinin 30-40 faizini ixtisar etməklə, habelə Dövlət Neft Fondundan büdcəyə transfertləri azaltmaqla bu problemi həll edəcək. Bu ssenaridə mən hələ neftin qiyməti və manatın məzənnəsi ilə bağlı məsələləri kənara qoyuram.
İkinci ssenariyə görə isə, hökumət büdcə zərfində heç nəyi dəyişmir, bütün xərc və gəlirlər üzrə proqnozlar yerində qalır. O zaman belə bir təhlil aparaq; 2014-cü ildə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində 210 milyon barel neft satıldı. Tutaq ki, 2015-ci ildə də bu həcm dəyişməyəcək. Əgər neftin orta illik qiyməti 60 dollar həddində olacaqsa, o zaman 12,7 milyard dollar vəsaitin əldə olunması gözlənilir. Hökumət manatın məzənnəsini 1 dollar 0.78 AZN ətrafında saxlasaydı, bu vəsait 9,8 milyard manat edərdi. Amma 1 dolların 1.05 AZN həddinə yüksəlməsi neftdən gələn gəlirlərin həcmini 13,5 milyard manata qaldırır. Deməli, eyni hasilatı və 60 dollarlıq səviyyəni proqnozlaşdırmaqla, təkcə məzənnə fərqinin dəyişdirilməsi nəticəsində Dövlət Neft Fonduna 3,5 milyard manat əlavə pulun gələcəyini söyləmək olar".
"Hökumət manatın məzənnəsini artıra-artıra dövlət büdcəsinin xərclərini də 2 milyard manata yaxın ixtisar etsə, habelə məzənnə dəyişikliyindən 3,5 milyard manat əlavə pul götürsə, o zaman Dövlət Neft Fondu vəziyyətdən çıxa biləcək. Nəzəri baxımdan 5,5 milyard manat əlavə vəsaitin daxil olduğunu deyə bilərik.
Əgər neftin qiyməti 75-80 dollara yüksəlsə, bu, hökumətə imkan verəcək ki, məzənnə hesabına 5-6 milyard manat əlavə pul götürsün"- deyə ekspert vurğuladı.
Lakin R.Ağayevin fikrincə, indiki vəziyyətdə büdcə xərclərinin azaldılması imkanları çətinləşib: "Manatın ucuzlaşması ərzaq inflyasiyasını kəskin şəkildə artıracaq. Belə olan halda hökumətin əlavə büdcə öhdəlikləri yaranır. Hökumət "inflyasiya vergisi" hesabına büdcəni doldursa da, onun xərc öhdəlikləri ortaya çıxır. Səhiyyə, təhsil işçilərinin əməkhaqları, pensiyaçıların təqaüdləri artmayacaqsa, deməli, hökumət devalvasiya ilə, əhalinin sosial vəziyyətini kəskin şəkildə pisləşdirməklə, yalnız büdcənin doldurulması qayğısına qalmış olacaq. Bu baxımdan situasiyanı indi proqnozlaşdırmaq çətindir".
R.Ağayev əlavə etdi ki, əgər ilin ikinci yarısından neftin qiymətində kəskin artım olarsa, valyuta axını sürətlənərsə, tədiyyə balansının problemləri aradan qalxarsa, o zaman manatın möhkəmlənməsi qaçılmaz ola bilər: "Ona görə proqnoz vermək çətindir. Proseslərin hansı istiqamətə yönələcəyi ölkənin neft gəlirlərinin dinamikasından asılı olacaq".


Şərhlər